Masallı rayonunda I Qarabağ müharibəsi şəhidi Seyran Hacıyev adına Viləş kənd tam orta məktəbinin akt zalının əsaslı təmirindən sonra açılışı olub.
Akt zalının açılışında Masallı Rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədov, Lənkəran Astara regional təhsil idarəsinin müdiri Elxan Nəcəfov, Masallı Təhsil şöbəsinin direktoru Qoşqar Hətəmov, şəhid ailələri, məktəbin müəllim kollektivi və media nümayəndələri iştirak ediblər. Açılışda çıxış edən icra başçı qeyd edib ki, Ulu Öndər Heydər Əliyev ölkəmizdə təhsilin inkişafına, müəllim əməyinə, uşaqların məktəbdə hərtərəfli biliyə yiyələnmələrinə həmişə dəyər və böyük önəm veribdir. Məhz ulu öndərin 100 illiyində rayonda bu sahədə olan bir sıra problemləri aradan qaldırmağa çalışırıq, bu açılış da bunun nümunəsidir.
Şəhid ailələri, məktəbin müəllim kollektivi, kənd sakinləri akt zalının əsaslı təmirinə görə dövlət başçısı İlham Əliyevə, rayon rəhbərliyinə və bu işdə əməyi keçən hər kəsə öz dərin təşəkkürlərini bildiriblər.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.