UKRAYNA QƏRBİN YARDIMINDAN MƏHRUM OLA BİLƏR
Ukrayna təxribatçıları dəstəkləməkdə davam edərsə və ya sərhədlərindən kənarda döyüşməyə qərar verərsə, Qərbin yardımını itirmək riski ilə üzləşəcək. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu fikri “Bloomberg” agentliyinin şərhçisi Andreas Klut bildirib.
“Qərbdə ən böyük qorxu NATO-nun Rusiya ilə real münaqişəyə cəlb oluna biləcəyi və bunun Üçüncü Dünya müharibəsinə çevriləcəyi ilə bağlıdır”, - deyə şərhçi qeyd edib.
Andreas Klutun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri hücum taktikasına keçərsə, bir sıra Qərb ölkələri - bəlkə də ABŞ Kiyevə dəstəyi dayandıra bilər. O, hesab edir ki, Ukrayna hakimiyyəti təxribatçıları təşviq etməməlidir.
Xatırladaq ki, bazar ertəsi ukraynalı diversantlar Belqorod vilayətinin Qrayvoron rayonu ərazisinə daxil olublar. Diversiya və kəşfiyyat qrupununun hücumu nəticəsində 1 nəfər həlak olub, daha 13 mülki şəxs yaralanıb.
TÜRKİYƏ-İRAN SƏRHƏDİNDƏ TİKİLƏN DİVARIN BİR HİSSƏSİ TAMAMLANIB
Türkiyənin Van şəhəri ilə İran sərhəd xəttindəki qanunsuz keçidlərin qarşısını almaq üçün 295 kilometrlik divarın Çaldıran və Özalp rayonları sərhədlərində yerləşən 96 kilometrlik hissəsinin inşası tamamlanıb. “Trend” agentliyinin məlumatına görə, bu haqda Türkiyənin Van şəhər qubernatorluğunun açıqlamasında bildirilib.
“Tikinti işlərinin dərhal başa çatması ilə ölkəmizin şərq sərhədləri fiziki maneə sistemi ilə möhkəmləndiriləcəkdir”, - deyə açıqlamada vurğulanır.
Məlumat üçün qeyd edək ki, Vanın İran sərhəddindəki Çaldıran rayonunda başlayan, Ağrının Doğubayazıt və Hakkarinin Yüksekova rayonlarına qədər uzanan modul divar və ağıllı qüllə işləri davam etdirilir.
Qalan hissədə hündürlüyü beş metr, eni 2,87 metr olan beton maneələr düzülüb. Tədbirlərlə son üç ildə 155 mindən çox qeyri-qanuni miqrantın keçməsinin qarşısı alınıb.
“VAQNER” QRUPLAŞMASININ BAXMUTDAN ÇIXMAĞA BAŞLADIĞI TƏSDİQLƏnİB
“Vaqner” muzdlu hərbi təşkilatı Donetsk vilayətinin Baxmut şəhərini tərk etməyə başlayıb. “Report” agentliyinin xəbər verdiyi kimi, bu barədə Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının sədri Oliksi Danilov müsahibəsində bildirib.
Şura sədrinin sözlərinə görə, bu, “Vaqner”in mübarizədən əl çəkməsi kimi qiymətləndirilməməlidir: “Onlar növbəti dəfə qruplaşdıqdan sonra fərqli istiqamətlərdə yenidən hücuma keçəcəklər”.
Oliksi Danilov Baxmutun müharibənin gedişatında mühüm rol oynadığını vurğulayıb və əlavə edib ki, Ukrayna ordusu şəhəri müdafiə etməyə davam edəcək.
Bununla yanaşı, Böyük Britaniya Müdafiə Nazirliyi də kəşfiyyat məlumatlarına əsasən qeyd edib ki, “Vaqner”çilər şəhərdən çıxmağa başlayıblar. “Vaqner”lə Rusiya Müdafiə Nazirliyi arasında ziddiyyət var. Buna baxmayaraq, onlar yenidən hücuma keçə bilərlər”, - deyə nazirliyin açıqlamasında bildirilir.
BRİTANİYADA KOMPÜTER NASAZLIĞI SƏBƏBİNDƏN 150 REYS LƏĞV EDİLİB
İngiltərənin “British Airways” şirkəti kompüter nasazlığına görə son bir neçə gündə təxminən 150 reysi ləğv edib. Bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Verilən xəbərə görə, cümə axşamı şirkət 80 reysi, cümə günü isə yalnız günün birinci yarısında daha 66 reysi ləğv etmək məcburiyyətində qalıb.
Orta hesabla “British Airways” təyyarələri gündə təxminən 850 daxili və beynəlxalq uçuş həyata keçirir. Eyni zamanda, qarşıdan gələn yaz tətili və həftə sonları ilə əlaqədar Britaniya hava limanlarında sərnişin axını kəskin şəkildə artıb.
“Uçuşlarımızın böyük əksəriyyəti yerinə yetirilsə də, texniki nasazlıq səbəbindən Hitroudan bəzi qısamüddətli uçuşları ləğv etdik”, - deyə şirkət sərnişinlərdən üzr istəyib.
Açıqlamaya əsasən, “British Airways” hələ ki, nasazlığın nədən ibarət olduğunu və onun nəticələrinin tam olaraq nə vaxt aradan qaldırılacağını açıqlamayıb.
SUDANIN MÜDAFİƏ NAZİRİ HƏR KƏSİ SİLAHL