(keçmişdən indiyə)
İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə böyük təsir göstərib. Bəlkə də, bu hadisələrin çoxu yaşanmasaydı dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə ekskurs edək...
Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan "Çernobıl - bəşər tarixinin ən dəhşətli nüvə fəlakəti"ni oxuculara təqdim edirik.
"Respublika".
Çernobıl - bəşər tarixinin ən dəhşətli nüvə fəlakəti
Bəşəriyyətin təkamülünə səbəb olmaqla dünyanın gələcəyini dəyişdirən hadisələrdən biri də tarixin ən böyük texnogen fəlakətlərindən olan Çernobıl qəzasıdır. 26 aprel 1986-cı ildə Atom Elektrik Stansiyasında baş verən bu qəza dünya tarixində ən dəhşətli nüvə fəlakətlərindən biri sayılır. Ukraynanın Çernobıl şəhəri ətrafında yerləşən Atom Elektrik Stansiyasının (Çernobıl AES) dördüncü reaktorunda baş verən bu partlayış özü ilə bərabər yerləşdiyi ölkənin, eləcə də ovaxtkı SSRİ-nin və təsirə məruz qoyduğu digər dövlətlərin insanlarına dəhşətli bəlalar gətirib. Dövrün iki qlobal supergücündən biri olan Sovet İttifaqında baş verən bu qəza təxminən 40.000 nəfərin ölümü, minlərlə insanın əlil olması ilə nəticələnmiş, üstəlik ölkənin milyardlarla dollar maddi ziyana uğramasına səbəb olub. Hesablamalara görə, qəza nəticəsində atmosferə yayılan radioaktiv maddələrin miqdarı Naqasaki və Xirosimaya atom bombaları atılan zamanı yayılan radioaktiv maddələrdən təxminən 90-100 dəfə artıq olub.
Hadisənin baş verdiyi vaxta qədər yer üzündə heç kim bir Atom Elektrik Stansiyasının bu qədər böyük fəlakət törədə biləcəyini xəyal belə etməzdi. Dünyada potensial bir qəzanın radiusu barədə fikir belə yox idi. Nüvə partlaşıyı hadisəsi təkcə Ukraynaya deyil, ətraf bölgələrə, o cümlədən Türkiyə, Qafqaz və Avropaya da təsir edib. Ən çox zərərçəkən dövlət isə qonşu kimi Belarus olub.
Aradan onilliklərin keçməsinə, bu müddətdə yüzlərlə araşdırmaların, elmi tədqiqatların yazılmasına baxmayaraq, hadisə ilə bağlı qaranlıq məqamlar hələ də qalmaqdadır. Dünya ictimaiyyəti qəzanın necə baş verməsi, onun səbəbləri, yaratdığı fəsadlar haqqında nələri bilir? Çernobıl qəzası ilə bağlı bildiyimiz faktlar bütün qaranlıq mətləblərə aydınlıq gətirirmi? Mütəxəssislər hələ də bununla bağlı mübahisə edirlər və təbii ki, yekdil fikir yoxdur. Amma hadisənin təfərrüatı ilə bağlı verilən rəsmi məlumatlar isə belədir...
1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasında qəza baş verdi. Bu qəza bəşəriyyət tarixindəki ən böyük texnogen fəlakət idi. Qəza zamanı atom stansiyasının dördüncü reaktoru yanaraq tamamilə məhv olmuş, reaktorun işi nəticəsində yığılmış radioaktiv məhsulların bir hissəsi ətraf mühitə yayılmışdı. Özü də bu proses uzun müddət ərzində baş vermişdi, yəni ani hadisə deyildi. Radiasiyanın ətraf mühitə yayılması, təxminən, on gün ərzində davam etmişdi. Daha sonra həmin radioaktiv məhsullar müxtəlif yollarla yayılmağa başlamışdı. İlk vaxtlar onlar, ən çox, atmosfer yolu ilə yayılırdı.
Əsasən uçucu izatoplar, məsələn, yod, sezium