Masallı ulu keçmişə, qədim tarixə malik səfalı, əsrarəngiz bir diyardır. Azərbaycanın cənub-şərqində ilk dəfə olaraq rayonun Hişkədərə kəndində tunc, dəmir və daş dövrlərinə aid abidələr, maddi-mədəniyyət nümunələri tapılmışdır. Bu tapıntılar forma və hazırlanma texnikasına görə son Mustye dövrü üçün səciyyəvidir. Görkəmli arxeoloq-alim Əsədulla Cəfərovun fikrincə Üst-Paleolit dövrünə aid olan bu əmək alətləri olduqca nəcib işlənmiş və çaxmaq daşından hazırlanmışdır.
Kəndin "Mirzəgül", "Xudabaxış yurdu" adlanan yaşayış ərazisində tapılmış qaşov, nizə ucluğu, daş alətlər (balta, toppuz, həvəngdəstə, toxa və s.) 5 min il yaşı olan maddi-mədəniyyət nümunələridir.
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin ilk dəfə bu qədim yurd yerində - Hişkədərə kəndində yaradılması heç də təsadüfi deyildir. Muzeyin təşəbbüskarı və yaradıcısı əvvəllər partiya və təsərrüfat işində rəhbər vəzifələrdə çalışmış, sonralar doğma kənd məktəbində müəllim işləmiş, İkinci Dünya müharibəsinin veteranı, respublikanın Əməkdar müəllimi Rəhim Tağıyev olmuşdur.
1963-cü ildə Rəhim müəllim muzeyi əvvəl işlədiyi məktəbdə yaradıb. Kiçik bir otaqda xış, boyunduruq, kotan, araba təkərləri, uzaq əsrlərdə insanların məişətdə işlətdikləri saxsı və mis qablar, kəndin ərazisində tapılmış dəmir, gümüş pullar, digər maddi-mədəniyyət nümunələri qorunub nümayiş etdirilib.
Bu vətənpərvər müəllim, işıqlı ziyalı 15 il ictimai əsaslarla muzeyə rəhbərlik edib, heç bir dövlət vəsaiti almadan çoxlu eksponatlar toplayıb. O illərdə muzeyin şöhrəti respublikamızın bütün guşələrinə yayılıb. Buraya Azərbaycanın şəhər və rayonlarından, hətta uzaq diyarlardan ekskursiyaya gəlirdilər.
Rəhim müəllimin təşəbbüsü ilə 1976-cı ildə Hişkədərə kəndində Masallı Tarix-Diyarşünaslıq Muzeyi üçün təzə bina tikilib. 1977-ci ilin sentyabr ayında muzeyə dövlət müəssisəsi statusu verilib. Bir il sonra muzeyin təntənəli şəkildə açılış mərasimi keçirilib. Rəhim Tağıyev 2001-ci ilədək yaratdığı muzeyin direktoru vəzifəsində işləyib. Mədəniyyət sahəsindəki xidmətləri mükafatlara layiq görülüb.
Ölkəmizdə muzey işinin yüksək səviyyədə təşkil olunması, bu sahədə daha modern layihələrin tətbiq edilməsi, ən əsası əhali, xüsusilə də gənclər arasında tariximizə marağın artırılması ilə bağlı həyata keçirilən tədbirlərin geniş vüsət alması Masallı Tarix-Diyarşünaslıq Muzeyinin də fəaliyyətinin yenidən təşkili, muzeyin təyinatına uyğun yeni binada yerləşdirilməsi zərurətini yaradıb. Mədəniyyətimizin qayğıkeşi və himayədarı Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il 11 sentyabr tarixli Sərəncamı ilə Masallı şəhərində muzeyin tikilməsi üçün 2 milyon manat vəsait ayrılıb. 2014-cü ildə tikinti işlərinə başlanılıb. Üçmərtəbəli muzey binasında inşaat işləri 2016-cı ilin iyulunda başa çatdırılıb.
Muzeyin Hişkədərə kəndində yerləşən eksponatları təzə binaya köçürülüb. Mədəniyyət Nazirliyinin xüsusi briqadası tərəfindən burada müasir standartlara uyğun tərtibat işləri aparılıb. Ümumi sahəsi 1400 kvadratmetr olan muzeyin ekspozisiya zalı 2 mərtəbəni əhatə edir. Muzeyin fondu və kolleksiyaları nəqqaşlıq, qrafika, heykəltəraşlıq, tətbiqi-incəsənət, arxeologiya, numizmatika, etnoqrafiya, fotoşəkillər, sənədlər bölməsindən ibarətdir. Ekspozisiyalarda Masallının tarixi, bu ərazidə tapılan qədim əşyalar, ümumiyyətlə, rayon haqqında məlumatlar toplanıb.
Muzeyin fondunda bölgənin tarixini əks etdirən 9 mindən çox dəyərli eksponat vardır. Burada dövlətçilik tariximizə xüsusi yer verilib. Müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və dövlətçilik fəaliyyətlərini əks etdirən fotoşəkillərdən və digər qiymətli sənədlərdən ibarət guşələr yaradılıb. Muzeyin mansar hissəsində rəsm otağı, sərgi zalı, fond otağı, müxtəlif tədbirlərin keçirilməsi üçün akt zalı yerləşir.
2016-cı il sentyabr ayının 3-də möhtərəm Prezidentimiz İlham Əliyev Masallıya növbəti səfəri zamanı R.Tağıyev adına Masallı Tarix-Diyarşünaslıq Muzeyinin