TÜRKİYƏDƏ MAYIN 28-də PREZİDENT SEÇKİLƏRİNİN İKİNCİ TURU KEÇİRİLƏCƏK
Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener bəyan edib. O bildirib ki, ikinci tur mayın 28-də olacaq.
MSK sədrinin sözlərinə görə, prezident seçkiləri ilə bağlı səslərin 100 faizi hesablanıb. Komissiya sədri qeyd edib ki, “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 49,51 faiz səs toplayıb.
Bununla yanaşı, Ahmet Yener vurğulayıb ki, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu 44,85 faiz, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17 faiz səs qazanıb. O, əlavə edib ki, seçkidən əvvəl namizədliyini geri götürən Məmləkət Partiyasının sədri Məhərrəm İncəyə isə seçicilərin 0,44 faizi səs verib.
Eyni zamanda, MSK sədri Türkiyədə prezident seçkilərinin ikinci turunun ilk dəfə keçiriləcəyini diqqətə çatıdırıb. A.Yenar onu da qeyd edib ki, ikinci turda seçki bülletenlərində Ərdoğanın adı birinci, Kılıçdaroğlunun adı isə ikinci olacaq. Onun sözlərinə görə, artıq təbliğat kampaniyasına start verilib.
PAKİSTANDA İMRAN XANLA BAĞLI GƏRGİNLİK DAHA DA ARTIB
Pakistanın keçmiş baş naziri İmran Xanın tərəfdarlarının davam edən etirazları hökuməti narahat etməyə başlayıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, Pakistan hökumətinin İmran Xanın partiyasını bağlamaq və ona siyasi qadağa qoymağa hazırlaşması barədə iddialar var.
Pakistan daxili işlər naziri Rana Sanaullah ötən həftə İmran Xanın saxlanılması ilə başlayan etirazlardan sonra Ədalət Hərəkatı Partiyasını (ƏHP) qadağan etməkdən başqa çarə olmadığını dilə gətirib. Bundan sonra başlayan şiddətli etirazlara toxunan nazir partiyanın bağlanmasının ölkənin gələcəyi üçün düzgün qərar olacağını iddia edib.
Daxili işlər nazirinin qadağa tələbini bir çox rəsmilər, o cümlədən ekologiya naziri Şerri Rəhman və müdafiə naziri Xvaca Asif dəstəkləyib. Xarici işlər naziri Bilaval Bhutto-Zərdari isə partiyaların bağlanmasının tərəfdarı olmadığını açıqlayıb.
Məlumat üçün qeyd edək ki, İmran Xan ötən həftə saxlanıldıqdan bir neçə saat sonra buraxılmışdı.
Aİ “G7”ni UKRAYNAYA HƏRBİ YARDIMI GENİŞLƏNDİRMƏYƏ ÇAĞIRACAQ
Avropa İttifaqı (Aİ) “Böyük yeddilik” (G7) ölkələrinin Hirosimada keçiriləcək sammitində Ukraynaya hərbi yardımı genişləndirmək və sürətləndirməkdə israr edəcək. “Report” agentliyinin xəbərinə görə, bu barədə mayın 15-də Brüsseldə keçirilən mətbuat konfransında Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel bildirib.
Ursula fon der Lyayen ölkə liderlərindən iki əsas prinsipə riayət edəcəklərini gözlədiyini bəyan edib: “İlk növbədə, Ukraynaya nə qədər lazımdırsa, həmin müddət ərzində dəstək göstəriləcək. Bu o deməkdir ki, 2023-cü ildən sonra da Ukraynaya baza maliyyə yardımı və sürətli hərbi yardım göstəriləcək. İkinci prinsip isə Ukrayna prezidenti Volodimir Zelenskinin sülh planına güclü dəstəyin göstərilməsidir”.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel isə öz növbəsində vurğulayıb ki, Ukraynanın hazırda daha çox hərbi yardıma ehtiyacı var və bu, onun əks-hücum həyata keçirə bilməsi üçün tez bir zamanda həyata keçirilməlidir.
“TESLA” BİR MİLYONDAN ÇOX AVTOMOBİLİ GERİ ÇAĞIRIR
“Tesla” şirkəti Çindən bir milyondan çox avtomobilini geri çağırıb. “Trend” agentliyinin məlumatına görə, onun Çindəki demək olar ki, bütün modellərini geri çağırmasına Çin Dövlət Bazarı Tənzimləmə Administrasiyasının şikayəti səbəb olub.
Belə ki, administrasiyaya görə, 2019-cu ilin yanvarından 2023-cü ilin aprelinə qədər ölkədə satılan təxminən 1,1 milyon elektrik avtomobilinin əyləc sistemində problem müşahidə olunur