Aşıq Şəmşir 130
Aşıq sənəti nə qədər sadə, xəlqi olsa da, özündə olduqca zəngin, mürəkkəb ifaçılıq mədəniyyətini əks etdirir. Kökü yüzilliklərin dərinliklərindən gələn, zəngin musiqi və söz repertuarına, teatral keyfiyyətlərə malik olan ozan-aşıq sənəti dilimizin saflaşmasında, milli dövlətçilik ənənələrinin qorunmasında, qəhrəmanlıq, vətənpərvərlik hisslərinin aşılanmasında misilsiz rol oynayır.
Ulu öndər Heydər Əliyevin "milli varlığımızın möhtəşəm abidəsi" adlandırdığı "Dədə Qorqud" eposu və "Koroğlu" dastanı ozan-aşıq sənətinin qiymətli nümunələridir.
Qədim köklərə malik olan Azərbaycan aşıq sənəti ənənələrinin davam etdirilməsi və zənginləşdirilməsində Aşıq Şəmşirin böyük əməyi olmuşdur. Ömrünün 60 ilini öz sənəti ilə xalqa xidmətə həsr edən el şairi aşıq şeirinin müxtəlif janrlarında gözəl sənət nümunələri yaratmış, canlı həyat lövhələri ilə dolu əsərlərində doğma xalqının fikir və duyğularını yüksək sənətkarlıqla ifa etmişdir.
Şifahi xalq ədəbiyyatımızın dərin bilicisi kimi tanınan söz ustadının bədii yaradıcılığında Azərbaycan təbiətinin gözəllikləri, Vətən sevgisi, torpağa bağlılıq başlıca motivlərdir. Ustad aşıq xalqımızın milli-mənəvi dəyərlərini tərənnüm edən zəngin saz və söz xəzinəsindən, klassik sənətkarlarımızın bədii irsindən bəhrələnmişdir.
Aşıq Şəmşir 1893-cü ildə möcüzələr diyarı Kəlbəcərin Dəmirçıdam kəndində görkəmli el sənətkarı şair Qurbanın ailəsində dünyaya göz açmışdır. Ağdabanlı Qurban Aşıq Ələsgərin müasiri və dostu idi.
Aşıq Şəmşiri bütün Azərbaycana tanıdan Xalq şairi Səməd Vurğun olmuşdur. Atlas geyimli Kəlbəcər dağlarında, şəfa qaynağı olan İstisu yaylaqlarında istirahət edən Səməd Vurğun günlərin birində özünəməxsus səsi, sözü və çalğısı olan bir ozanla - aşıq Şəmşirlə tanış olur. Kəlbəcər dağlarına böyük şairin gəlişini ürəkdən alqışlayan aşıq Şəmşirin o zaman bədahətən söylədiyi "Xoş gəlib" rədifli qoşması dildən-dilə düşür:
Elimin-günümün böyük şairi
Gətirib dağlara səfa, xoş gəlib!
Yolunu gözlədik biz intizarla,
Eyləyib əhdinə vəfa, xoş gəlib!
Minnətdarıq kamil söz ustadına,
Şan-şöhrət yaraşır onun adına
Bizim Kəlbəcəri salıb yadına
Bu yolda çəkibdir səfa, xoş gəlib!
Alqışladıq mahal ilə, el ilə,
Qarşıladıq çiçək ilə, gül ilə,
Saz ilə, söz ilə, şirin dil ilə
Şəmşir deyir bu sərrafa, xoş gəlib!
Səməd Vurğun aşığın bədahətən söylədiyi bu qoşmanı "Məni" rədifli məşhur şeiri ilə cavablandırır:
Aşıq Şəmşir, Dəlidağdan keçəndə
Kəklikli daşlardan xəbər al məni,
Ceyran bulağından qızlar içəndə
Saz tutub, söz qoşub yada sal məni.
Cəmi dörd bənddən ibarət olan bu şeir tezliklə Kəlbəcər ellərinin dilində əzbər olur. Toy-düyündə aşıqlar bu deyişməni həvəslə, məhəbbətlə oxuyur, böyük Səməd Vurğunu yad edirdilər...
Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərdə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini əxz edən söz sənətkarı kimi öz məktəbini yaratmışdır. Onun 40-dan artıq şagirdi olmuşdur.
Aşıq Şəmşir klassik aşıqlarımızın yaradıcılığına yaxından bələd olan, "Koroğlu", "Abbas və Gülgəz", "Alı xan və Pəri xanım", "Abdulla və Cahan", "Novruz", "Nəcəf və Pərzad", "Valeh və Zərnigar", "Məsi və Duləfruz", "Şah İsmayıl", "İbrahim", "Tahir və Zöhrə", "Xəstə Qasım" kimi dastanlarımızı sinədən danışan, 70-dən artıq klassik aşıq havalarını çalmağı bacaran el sənətkarı olub. Hüseyn Arif aşığın yaradıcılığına belə qiymət vermişdir: "Şəmşir yaradıcılığı klassik aşıq poeziyası ilə müasir aşıq poeziyası arasında