ÇAVUŞOĞLU: TÜRKİYƏ REGİONDA VACİB ÖLKƏ KİMİ ÖZÜNÜ TƏSDİQLƏYİB
Türkiyə regionda sülhün təmin edilməsində əsas ölkə kimi özünü təsdiqləyib. “Trend” agentliyinin verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada çıxışı zamanı bildirib.
“Bu gün biz dünya nizamının əsaslarının necə sarsıdıldığını görürük; İkinci Dünya müharibəsindən sonrakı dövrdə formalaşmış sistem məhv edilir; ziddiyyətlər və münaqişələr dərinləşir ki, bunun da təxminən 60 faizi Türkiyənin yerləşdiyi regiondadır. Mənfi çağırışlara baxmayaraq, Türkiyə “sabitlik adası” olaraq qalır”, - deyə XİN rəhbəri vurğulayıb.
Diplomatın sözlərinə görə, hazırkı vəziyyətdə Ankara fəal vasitəçilik səyləri göstərir ki, bu da “taxıl sövdələşməsi”nə nail olmağa və bununla da qlobal ərzaq bazarında vəziyyəti sabitləşdirməyə imkan verib.
Mövlud Çavuşoğlu Türkiyənin enerji bazarında daha fəal oyunçuya çevrildiyini də qeyd edib. “Biz Avropaya, xüsusən də Şərqi və Cənub-Şərqi Avropa ölkələrinə və Balkanlara qaz tədarükünə başlamışıq. Başlanğıcı Azərbaycandan olan Trans-Anadolu qaz kəməri (TANAP) ilə qaz nəqlinin həcmini iki dəfə artırmışıq”, - deyə nazir diqqətə çatdırıb.
BRİTANİYA UKRAYNAYA UZAQMƏNZİLLİ RAKETLƏR VERMƏK NİYYƏTİNDƏDİR
Böyük Britaniya Ukraynaya uzaqmənzilli raketlər verə bilər. Söhbət 300 kilometrə qədər məsafədəki hədəfləri vura bilən “Storm Shadows” uzaqmənzilli qanadlı raketlərdən gedir”. “Report” agentliyinin xəbərinə görə, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Nəşr bildirib ki, Böyük Britaniyanın Müdafiə Nazirliyi bu məsələni uzun müddətdir ABŞ Prezident Administrasiyası ilə müzakirə edib. Lakin ABŞ bu raketlərin verilməsini təsdiqləməyə tələsmirdi. Bu gün səhər saatlarında Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin Ukraynaya yardımı müzakirə etmək üçün Vaşinqtona getdiyi məlum olub.
Məlumata əsasən, danışıqlar prosesi ilə tanış olan Britaniya rəsmisinin sözlərinə görə, tədarüklə bağlı yekun qərar hələ qəbul edilməyib, lakin bu məlumat Britaniyanın Ukraynanı bu cür silahlarla təchiz etməyə başlaması istiqamətində mühüm addımdır.
Qeyd edək ki, bu ərəfədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələri 300 kilometrə qədər məsafədən zərbə endirə bilsə, Rusiya ordusu müdafiəni təmin edə bilməyəcək.
Aİ RUSİYAYA QARŞI NÖVBƏTİ SANKSİYA PAKETİNİ ÜZV ÖLKƏLƏRƏ GÖNDƏRİB
Avropa İttifaqı Komissiyası Rusiyaya qarşı 11-ci sanksiya paketini üzv ölkələrə göndərib. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Aİ Komissiyasının sözçüsü Erik Mamer Brüsseldə keçirilən mətbuat konfransında açıqlayıb.
Mətbuat katibi qeyd edib ki, üzv ölkələr sanksiya paketinin məzmununu qiymətləndirəcək: “Yeni sanksiya paketinin təfərrüatlarını hələlik paylaşa bilməyəcəm. Lakin bu paketdəki sanksiyaların tətbiqi və effektivliyinə diqqət yetirəcəyik. Rusiyaya edilən ixraca və bunun necə idarə olunmasına da baxılacaq. Rusiyanın digər ölkələrdən qadağan olunmuş məhsulların idxalının qarşısını almaq istəyirik”.
Məlumat üçün qeyd edək ki, Aİ indiyədək Rusiyaya qarşı 10 sanksiya paketi qəbul edib. Bu çərçivədə Rusiyaya ticarət, maliyyə, enerji, o cümlədən neft və kömür, sənaye, texnologiya, nəqliyyat və qızılla bağlı geniş məhdudiyyətlər tətbiq edilib.
İSVEÇ VƏ DANİMARKA QAZ TƏCHİZATI SAHƏSİNDƏ SAZİŞ İMZALAYIBLAR
Danimarka və İsveç qaz təchizatı sahəsində həmrəylik haqqında saziş imzalayıblar. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Danimarkanın Energetika İdarəsi mətbuata açıqlamasında məlumat verib.
Bildirilir ki, müqaviləni Danimarka Energetika İdarəsinin direktoru Kristoffer Bötsauv və İsveçin Energetika Nazirliyinin baş direktoru Robert Andren imzalayıblar. Sözügedən saziş fövqəladə vəziyyət - enerji böhranının kəskinləşməsi və qışda qaz çatışmazlığı zamanı qüvvəyə minəcək.
Bununla yanaşı, sənəddə qeyd olunur ki, bir il əvvəl başlayan enerji böhranı qiymətlərin kəskin artmasına səbəb olub və