ƏRDOĞAN: TÜRKİYƏNİ ƏN BÖYÜK İQTİSADİYYATA SAHİB ÖLKƏLƏRDƏN BİRİNƏ ÇEVİRƏCƏYİK
“Türkiyəni dünyanın ən böyük iqtisadiyyatına sahib 10 ölkədən birinə çevirəcəyik. Buna nail olanadək dayanmayacağıq”. “Report” agentliyinin verdiyi xəbərə görə, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kayseridə çıxışı zamanı bəyan edib.
Dövlət başçısının sözlərinə görə, ötən 20 il ərzində Türkiyədə ciddi işlər görülüb. “Artıq Avropadan daha yaxşı səhiyyə sisteminə malikik. Artıq PUA-lara sahibik. Biz “TCG Anadolu” desant gəmisini Silahlı Qüvvələrimizə təslim etdik. Ölkəmizin bu imkanlarını günbəgün inkişaf etdiririk”, - deyə Türkiyə lideri vurğulayıb.
Eyni zamanda, Ərdoğan bildirib ki, Türkiyə artıq nüvə ölkəsinə çevrilib.
“14 may, Allahın köməyi ilə, hər birimizin bayramı, qürur günü, Türkiyə demokratiyasının bayramı olacaq. Heç kəs pessimist olmasın. Heç kəs ölkəmizin parlaq gələcəyi ilə bağlı inamını itirməsin”, - deyə Ərdoğan əlavə edib.
BMT “TAXIL SAZİŞİ” İLƏ ƏLAQƏDAR TƏRƏFLƏRƏ ÇAĞIRIŞ EDİB
BMT bütün tərəflərə “taxıl sazişi”nin tam icrası və davam etdirilməsi üçün danışıqları davam etdirmələri ilə bağlı çağırış edib. “TRT” telekanalının verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin sözçüsü Fərhan Haq mətbuat konfransında bildirib.
Fərhan Haq Türkiyənin təşəbbüsü ilə gələn həftə keçiriləcək yüksək səviyyəli görüşə hazırlıq məqsədilə mayın 5-də İstanbulda texniki görüşün keçirildiyini diqqətə çatıdırıb.
“Bildiyiniz kimi, baş katib Antonio Quterreş tərəflərin ifadə etdiyi mövqeləri nəzərə alaraq Qara Dəniz Təşəbbüsünün təşviqi və genişləndirilməsi ilə bağlı bütün tərəflərə təkliflər çatdırıb. Biz bütün tərəfləri müzakirələri davam etdirməyə, əməliyyat çətinliklərini aradan qaldırmağa və səy göstərməyə çağırırıq”, - deyə Fərhan Haq qeyd edib.
Bununla yanaşı, Fərhan Haq vurğulayıb ki, BMT Ticarət və İnkişaf Konfransının baş katibi Rebekka Qrinspan Moskvada sözügedən təşəbbüs çərçivəsində BMT ilə Rusiya arasında imzalanmış Anlaşma Memorandumunun icrası ilə bağlı danışıqlar aparır.
ÇEXİYA PREZİDENTİ: QƏRB RUSİYA VƏ ÇİNLƏ RƏQABƏT ERASINA QƏDƏM QOYUR
Qərb bir tərəfdən demokratiya ilə, digər tərəfdən avtoritar hökmdarlar arasında strateji rəqabət dövrünə qədəm qoyur. “Report”un məlumatına görə, bu barədə Çexiya prezidenti Petr Pavel bəyan edib.
Verilən xəbərə görə, Çexiya rəhbəri Ukraynaya qarşı müharibə aparan Rusiyanı və iqtisadi vasitələrlə bütün dünyada təsirini gücləndirən Çini misal çəkib.
“Demokratik təfəkkürlü ölkələr onlara uğurla müqavimət göstərmək üçün birlikdə çalışmalıdırlar”, - deyə Petr Pavel vurğulayıb.
Dövlət başçısının sözlərinə görə, potensial olaraq demokratik liderlərin tərəfində bəzi çatışmazlıqları olan, lakin demokratik olmağa çalışan və əməkdaşlığa hazır olan ölkələr olacaq.
“Digər tərəfdən, mövcud dünya düzənini dəyişmək istəyənlər beynəlxalq hüquq normalarını, beynəlxalq ticarət qaydalarını yenidən yazacaq, həmçinin bir sıra ölkələr üzərində daha çox təsir və güc əldə etmək niyyətində olacaqlır”, - deyə Çexiya prezidenti əlavə edib.
YAPONİYADA GÜCLÜ ZƏLZƏLƏ NƏTİCƏSİNDƏ XƏSARƏT ALANLAR VAR
Yaponiyanın İsikava prefekturasında mayın 5-də baş verən güclü zəlzələ nəticəsində 27 nəfər xəsarət alıb. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə şənbə günü “Kyodo” agentliyi məlumat yayıb.
Bildirilir ki, xəsarət alanların hamısı yeraltı təkanların ən çox hiss olunduğu və bir neçə yaşayış binasının dağılmasına səbəb olduğu Sudzu qəsəbəsinin sakinləridir. Onların əksəriyyəti orta dərəcəli bədən xəsarətləri alıb, lakin iki nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Eyni zamanda, zəlzələ nəticəsində 1 nəfərin həlak olduğu da bildirilir.
Xatırladaq ki, mayın 5-də Yaponiyanın Honsü adası sahillərində 6,5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri İsikava prefekturasının ərazisində, ocağı <