HULUSİ AKAR TÜRKİYƏ TƏYYARƏSİNƏ HÜCUMUN DETALLARINI AÇIQLAYIB
“Türkiyə vətəndaşlarını Sudandan təxliyə etmək üçün C-130 tipli təyyarələrimizdən biri paytaxt Xartumdakı aeroporta eniş edib. İkinci təyyarəmiz enişə hazırlananda atəşə tutulub”. “Report” agentliyinin məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
Nazirin sözlərinə görə, buna rəğmən, təyyarə təhlükəsiz şəkildə eniş edib: “Təyyarəyə dəyən ziyan araşdırılır. Şəxsi heyət arasında itki və yaralı yoxdur. Mövcud vəziyyətə görə, logistika dəstəyi barədə qərar veriləcək”.
Eyni zamanda, Hulusi Akarın qeyd etdiyinə görə, təyyarələrdən biri artıq geri qayıdıb.
Hulusi Akar həmçinin əlavə edib ki, hadisələr diqqətlə izlənilir: “Məqsədimiz vətəndaşlarımızın problemsiz şəkildə təxliyə edilməsidir. Bu məsələdə müvafiq qurumlarla koordinasiyanı davam etdiririk. İlkin məlumata görə, təyyarədə ciddi fəsad yoxdur".
Qeyd edək ki, aprelin 28-də Sudanda təxliyə prosesini həyata keçirən Türkiyənin “C-130” təyyarəsi atəşə tutulub.
DONALD TRAMP: ABŞ YENİ BÖYÜK DEPRESSİYA İLƏ ÜZLƏŞƏ BİLƏR
Cozef Baydenin hazırkı administrasiyasının yürütdüyü siyasət nəticəsində ABŞ yeni Böyük Depressiya ilə üzləşə bilər. “Trend” agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-Hempşirdə tərəfdarları qarşısında çıxışı zamanı bəyan edib.
Donald Tramp qeyd edib ki, 2024-cü il prezident seçkilərində qalib gəlsə, hasilatı artıraraq enerji qiymətlərinin aşağı düşməsinə nail olacaq.
Keçmiş prezident iddia edib ki, enerji qiymətləri düşərsə, digər qiymətlərdə də enmə müşahidə olunacaq. “Faiz dərəcəsini aşağı salıb ölkəmizi geri qaytaracağıq. Çünki indi getdiyimiz istiqamətə görə biz depressiya təhlükəsi ilə üz-üzəyik. 1929-cu il kimi depressiyaya doğru gedirik, lakin biz buna imkan verməyəcəyik”, - deyə Donald Tramp vurğulayıb.
Məlumat üçün qeyd edək ki, Böyük Depressiya 1929-cu ildə başlanmış və 1939-cu ilə qədər davam etmiş dünya iqtisadi böhranıdır.
RAFAEL QROSSİDƏN “AKKUYU” AES-i İLƏ BAĞLI AÇIQLAMA
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi “Akkuyu” Atom Elektrik Stansiyasının Türkiyə üçün uzun illər təmiz nüvə enerjisi istehsal edəcəyini bəyan edib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.
Baş direktor aprelin 27-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putinin canlı bağlantı ilə qatıldığı “Akkuyu” AES-in birinci nüvə yanacağının yüklənməsi mərasimində Türkiyənin bu gün iqtisadi inkişafında yeni mərhələyə qədəm qoyduğunu və ölkənin nüvə enerjisini sülh yolu ilə qəbul etdiyini bildirib.
Rafael Qrossi qlobal istiləşmə və iqlim dəyişikliyi dövründə yaşadığımızı diqqətə çatdırıraq deyib: “Nüvə enerjisi təmiz enerji mənbəyi kimi bu gün ziyarət etdiyim bu qeyri-adi obyektdə çox mühüm inkişafları təmin edəcək və ölkənin elektrik enerjisinin 10 faizdən çoxunu təmin edəcək. Bu, ölkə üçün çox böyük uğurdur”.
“INTEL”də MALİYYƏ BÖHRANI DAVAM EDİR
ABŞ-ın texnologiya şirkəti olan “Intel” maliyyə cəhətdən çökməyə davam edir. “Trend” agentliyinin məlumatına görə, 2023-cü ilin ilk rübünün nəticələrini açıqlayan ən böyük çip istehsalçısı, səhm satışında illik 133 faiz azalma yaşadığını açıqlayıb.
Verilən xəbərə görə, “Intel”in gəliri ötən illə müqayisədə 36 faiz azalaraq 11,7 milyard dollara düşüb.
Bildirilir ki, şirkətin maliyyə çöküşünün bir neçə səbəbi var. Birincisi, şirkətin ən güclü istehsal xətti olan kompüter çiplərinin satışı arzuolunan səviyyədə deyil. Əvvəlki hesabat qlobal kompüter tədarükünün təxminən 30 faiz azaldığını göstərib.
Bununla yanaşı, masaüstü kompüter və noutbukları gücləndirən çiplərin istehsalı ilə məşğul olan departamentin gəlirləri