Mao Tzsedun
Çin Xalq Respublikasının yaradıcısı Mao Tzsedun... Dünyanın ən çox öyrənilən 100 şəxsiyyəti siyahısında özünəməxsus yeri olan bu lider yalnız siyasi fəaliyyəti deyil, həm də qeyri-adi şəxsi həyatı ilə yaddaşlarda qalıb...
Əbədi yaşamaq Çin liderinin ən böyük arzusu olub və o, bu arzusunu dilə gətirməkdən çəkinməyib. Hətta bu arzu ilə bağlı çinlilərin "Maoya 10 min il" şüarı dövrün ən populyar ifadəsinə çevrilib. Ümumiyyətlə, Mao həmkarlarından, digər siyasi liderlərdən həyata baxışları ilə fərqlənib. Onun yaşam tərzi, qidalanma, uzunömürlülüklə bağlı öz "nəzəriyyəsi" olub. Çin lideri heç vaxt həkimlərə qulaq asmayıb, onların tövsiyələrinə məhəl qoymayıb, qida, yuxu, istirahət və iş rejiminə əməl etməyib. O, səhhətində nasazlıq yarananda daha çox xalq təbabəti üsullarına üstünlük verib.
Həyatı boyu yuxusuzluqdan əziyyət çəkən Mao yuxu dərmanlarından istifadə etməyə məcbur qalıb. Gecələr yuxusuz qalan lider yuxudan günorta saatlarında durub və bunu normal hal kimi qəbul edib. Mao öz təhlükəsizliyi üçün hədsiz dərəcədə narahat bir insan olub. Onu hətta evində olarkən 100 nəfər mühafizə edib. Mühafizəçiləri xüsusi qaydada seçən lider savadlı adamları xidmətə qəbul etməyib. Onlar əsasən ucqar rayonlardan seçilib. İşə götürəcəyi insanlarla söhbəti Mao şəxsən özü aparıb.
Mao üçün gigiyenik qaydalar mövcud olmayıb. Belə ki, duş qəbul etməyi, çimməyi sevməyən lider bunu mənasız vaxt və enerji itkisi kimi qəbul edib. Çin lideri çimməyi bədənini yaş dəsmalla silməklə əvəzləyib. Maraqlı burasıdır ki, hətta xidməti personal bu proseduru o, iş masasının arxasında əyləşəndə həyata keçirib.
Heç vaxt dişlərini fırçalamayan lider ağız boşluğunu qarqara etməklə, dişlərinə yaşıl çayın yarpaqlarını sürtməklə kifayətlənib. Mao bu işdə "haqlı" olduğunu belə əsaslandırıb: "Pələng də dişlərini fırçalamır, amma onun dişləri həmişə itidir...".
Mao ömrünün sonunadək heç vaxt rejimlə qidalanmayıb. Bu işdə onun əsas prinsipi "nə vaxt acdınsa, o vaxt da yeməlisən" olub. Həkimlərin qadağasına baxmayaraq, Çin liderinin ən sevimli yeməyi qızardılmış yağlı donuz əti olub. O, çox vaxt yeməyini iş masasında yeyib.
Yaşam tərzi seçimində özünü "ağıllı" sayan Maonun sağlamlığı heç də yerində olmayıb. O, hələ gənclik yaşlarından mədə-bağırsaq sistemi xəstəliklərindən əziyyət çəkib. Maounun uzunömürlülük "nəzəriyyəsi"ndəki ən başlıca amil isə eşq həyatı sayılıb. Məşuqələrinin sayı-hesabı olmayan lideri həkimlər də bu çirkin işindən çəkindirə bilməyiblər...
Əbədi yaşamaq arzusunda olsa da, özünə uzunömürlülük "qayda-qanunu" yazsa da, 65 yaşından sonra Çin liderinin səhhətində daha böyük problemlər yaranmağa başlayıb. Üç dəfə infarkt keçirən, eşitmə və görmə qabiliyyətini zaman-zaman itirən rəhbərə nə məşuqələri, nə də heç vaxt qulaq asmaq istəmədiyi həkimlər kömək edə bilməyiblər. Lider hər kəsdən gizlədiyi yoluxucu xəstəlik üzündən 82 yaşında vəfat edib...
Coan Ketlin Roulinq
Coan Ketlin Roulinq... Dünyaya "Harry Potter" kimi məşhur romanları bəxş edən bu ingilis yazıçısı haqqında o qədər hekayələr danışılıb və yazılar yazılıb ki, çətin ki biz bu deyilənlərə təzə nəsə əlavə edə bilək. Bu xanım təkcə "Harry Potter"in fanatları arasında deyil, kitab oxumağı sevməyən insanlar arasında da kifayət qədər məşhurdur...
Dünyanın ən zəngin yazıçısı olan Coanın bütün həyatı prinsip etibarilə başdan-başa sınaqdan ibarətdir. Onun həyatının keşməkeşləri hələ məktəb vaxtlarından başlayıb. Belə ki, yazıçının öz sözlərinə görə, o məktəbə getməyə nifrət edirmiş, çünki sinif yoldaşları onu heç xoşlamır, Roulinqi heç sevmirdilər<