Gözlərinizin rəngi mavidirsə...
Cənubi Uels və Kiprdə aparılan araşdırmalar nəticəsində məlum olub ki, gözlərin rəngi mövsümi depressiya riskini artıra bilər. Alimlər mavigözlü insanların depressiyaya düşmə ehtimalının daha az olduğunu söyləyirlər.
20-24 yaş arası 175 insan üzərində aparılan təcrübələrdə mavigözlü insanların əhvali-ruhiyyə, çəki, iştah və yuxu rejimlərinə mövsümi dəyişikliklərin daha az təsir etdiyi müəyyən edilib. Alimlərin fikrincə, göz rənginin bəzi insanları depressiyaya qarşı daha həssas etməsinin səbəbi göz bəbəklərinin emal etdiyi işığın miqdarı ilə bağlı ola bilər. Çünki mavi və ala göz bəbəkləri işığa qarşı daha həssas olduğundan retina hüceyrələrinin görüntünü qəbul edib emal etməsi üçün işığa ehtiyac duymurlar. Araşdırmaların nəticələri göstərir ki, gözlərinin rəngi açıq olan insanlar payız-qış aylarında daha az melatonin ifraz edirlər.
Məlumat üçün qeyd edək ki, melatonin bədən tərəfindən istehsal olunan və yuxuya kömək edən hormondur. Sözügedən hormonun ifrazının çox olması isə depressiyaya yol açır.
Alimlər göz rənginin bir insanın mövsümi depressiyaya məruz qalıb-qalmamasını şərtləndirən yeganə amil olmadığını deyirlər. Onlar, həmçinin günəşli havada gəzintiyə çıxmaq, uzun müddət qapalı yerlərdə vaxt keçirmək, evdə düzgün və kifayət qədər işıqlandırmadan istifadə etmək kimi amillərin də mövsümi əhval pozğunluqlarına qarşı təsirli ola biləcəyini bildirirlər.
Dünyanın ən qəribə festivalları
Hər il dünyada minlərlə festival keçirilir. Lakin onlardan bəziləri maraqlı hekayələrə əsaslanaraq təşkil olunur və bu festivallarda bir çox insan iştirak edir. Müxtəlif ölkələrdə müəyyən rəvayət və inanclar əsasında formalaşan bu festivalların əksəriyyəti qəribəlikləri ilə diqqəti cəlb edir...
Dünyada çox böyük coşqu ilə qeyd olunan festivallar arasında ən qəribəsi "Ölülər Günü"dür. Hər il oktyabrın 31-dən noyabrın 2-dək Meksikada keçirilən bu festival ölənlərin xatirəsini yad etmək üçün təşkil olunur. Ənənənin katolik və astek mədəniyyətlərinin birləşməsindən yarandığı güman edilir. Günümüzə qədər gəlib çatan bu festivalda daha çox skelet formalı geyimlərə üstünlük verilir. Festival ərəfəsində qəbirlər güllər və şəkərdən hazırlanmış kəllələrlə bəzədilir.
Görənləri təəccübləndirən festivallardan biri də İspaniyada keçirilən "La Tomatina" - "Pomidor" festivalıdır. Rəvayətə görə, bu festivalın tarixi 1945-ci ildə Bunol şəhərində keçirilən paradda baş verən hadisəyə əsaslanır. Belə ki, gənclər arasında baş verən davada tərəflər aldıqları pomidorları bir-birinə atmağa başlayıblar. O gündən bəri insanlar hər il buraya toplaşaraq bir-birinə pomidor atır və əyləncəli vaxt keçirirlər.
Hər il Londonda keçirilən "Notting Hill" festivalı da ən çox diqqətçəkən festivallar arasındadır. Festival zamanı yüz minlərlə insan rəngli və iddialı geyimlər geyinərək Londonun Nottinq Hill bölgəsindəki yürüşlərdə iştirak edir. Qeyd edək ki, festival ilk dəfə 1960-cı illərdə Londonda yaşayan afrikalı mühacirlər tərəfindən mədəniyyətlərini tanıtmaq üçün təşkil olunub.
Hər il fevralın ortalarında Macarıstanın Mohaç şəhərində keçirilən "Mohaç Buşo" festivalı isə qış fəsli ilə vidalaşmaq məqsədilə təşkil olunur. Festival zamanı insanlar taxta maskalar və heyvan buynuzları olan kostyumlar geyinib vahiməli səslər çıxararaq ətrafdakıları qorxutmağa çalışırlar. Rəvayətə görə, Buşonun mənşəyi meşələrin ruhunu təmsil edir.
Mandela effekti nədir?
Son dövrlər məlumatın təhrif olunmuş qavrayışı ilə bağlı bir çox fenomenlər ortaya çıxıb. Onlardan biri də "Mandela effekti"dir. Bəs nədir əslində "Mandela effekti" və bu termin necə yaranıb?
Mandela effekti - çox sayda insanın həqiqətdə olmayan hər hansı hadisənin baş verdiyinə inanmasıdır. Bu termin 2009-cu ildə tədqiqatçı Fiona Brum tərəfindən irəli sürülüb. O, iştirak etdiyi bir konfransda müxtəlif insanlarla ünsiyyətdə olub. Söhbət əsnasında həbsdə saxlanan cənubi afrikalı insan haqları müdafiəçisi Nelson Mandela haqqında danışıblar. 27 illik həbsdən sonra azadlığa çıxan Mandela Cənubi Afrikanın prezidenti olmuşdu. Lakin qəribədir ki, həm Brumun özü, həm də həmsöhbətləri Mandelanın 1980-ci illərdə həbsxanada öldüyünə əmin idilər. Hətta çoxlarına elə gəlirdi ki, onun həyat yoldaşının dəfn mərasimindəki çıxışını xəbərlərdə görüblər. Əslində isə Nelson Mandela 2013-cü ildə ailə üzvlərinin əhatəsində dünyadan köçüb.
Mandela effekti yanlış məlumat, şərh, səhv yaddaş və ya pop mədəniyyətinin təsiri kimi müxtəlif səbəblərdən də yarana bilər. Fenomenin ən qeyri-adi izahatlarından biri isə qarşılıqlı əlaqədə olan çoxlu paralel dünyanın varlığı fərziyyəsindən irəli gəlir. Fərziyyə çərçivəsində ehtimal olunur ki, insanlar hipotetik olaraq bir reallıqdan digərinə keçə bilərlər. Bu zaman onlar müxtəlif dünyalardan qalan xatirələrini saxlayırlar.
Alimlərdən bəziləri xatirələrin emosional reaksiyaların, vizual və eşitmə qavrayışının psixoloji kombinasiyası olduğuna inanırlar. Onlar yalnız baş verənlərə münasibətimizi əks etdirir, yaşananları etibarlı şəkildə qeydə ala bilmirlər. Beynin hadisə ilə bağlı bütün məlumatlara malik olmaması səbəbindən yaddaşlarda "boz ləkə"lər əmələ gəldikdə o, assosiasiyalara və mövcud təcrübəyə əsaslanaraq, müstəqil şəkildə çatışmayan fraqmentlər uydurur. Bu proses konfabulyasiya (uydurma xatirə) adlanır.
Ümumilikdə bu terminlə bağlı müxtəlif nəzəriyyələr irəli sürülsə də heç birini dəstəkləmək üçün elmi dəlil yoxdur və hələ də müzakirə mövzusu və fərziyyə olaraq qalır.
Təbiətin "həkimləri", yoxsa...
Heyvanlar aləminin maraqlı canlılarından biri də bəbirlərdir. Qeyri-adi xüsusiyyətlərinə görə seçilən bu heyvanlar pişiklər fəsiləsinin panter cinsinə aiddir. Hətta keçmişdə belə hesab edirdilər ki, bəbir şir və panterin hibrididir.
Mükəmməl görmə və eşitmə qabiliyyətinə malik olan bu heyvanların qoxu bilmə hissi də güclüdür. Daha çox gecə saatlarında ov etməyə üstünlük verən bəbirlər sürətlə ağaclara dırmanaraq yuxarıdan pusquda durub şikarlarını asanlıqla tuta bilirlər. Şikarının qalıqlarını isə başqa yırtıcı heyvanlar aparmasın deyə ağacın zirvəsinə qaldırırlar. Bəbirlər bəzən ev heyvanlarına, hətta itlərə belə hücum edir. Ovu uğursuz olduqda isə siçan, kərtənkələ və hətta böcəkləri belə yeyir. Hər bir