İSVEÇİN BAŞ NAZİRİNDƏN TÜRKİYƏYƏ ÇAĞIRIŞ
İsveçin baş naziri Ulf Kristersson Finlandiyanın NATO üzvlüyünün Türkiyə tərəfindən təsdiqlənməsinə sevindiklərini, lakin ölkəsinin alyansda olmadığı üçün üzüldüklərini bildirib. “Teleqraf.com”un verdiyi xəbərə görə, baş nazir İsveçlə bağlı qərarın məhz Türkiyədən asılı olduğunu bir daha diqqətə çatdırıb.
“Hazırda ölkə olaraq çox təhlükəli vəziyyətdə yaşayırıq, bunu anlamağın vaxtıdır. İndi iş tamamilə Türkiyədən asılıdır. Türkiyənin qərarına böyük hörmətlə yanaşıram”, - deyə Ulf Kristersson bəyan edib.
Baş nazir Türkiyənin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməməsini məsuliyyətsiz hərəkət kimi görmədiklərini diqqətə çatdırıb. “İyunun 1-də qüvvəyə minəcək terror qanunu var, o zaman Türkiyəyə verdiyimiz sözləri yerinə yetirmiş olacağıq”, - deyə baş nazir əlavə edib.
Xatırladaq ki, İsveç və Finlandiya 2022-ci ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət etmişdi, lakin Türkiyə onlardan terror təşkilatları kimi tanıdığı kürd təşkilatlarını terrorçu elan etmələrini tələb edərək giriş prosesini əngəlləmişdi.
SƏUDİYYƏNİN XİN BAŞÇISI BƏŞƏR ƏSƏDLƏ DANIŞIQLAR ÜÇÜN DƏMƏŞQƏ SƏFƏR EDİB
Səudiyyə Ərəbistanı xarici işlər naziri, şahzadə Feysal bin Farhan Al Saud Dəməşqdə Suriya prezidenti Bəşər Əsədlə görüşüb. “Teleqraf.com”un xəbərinə görə, bu, Səudiyyə Ərəbistanından son 12 ildə Suriyaya ilk xarici işlər naziri səviyyəsində gerçəkləşən səfər olub.
Bununla yanaşı, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən verilən açıqlamada səfərin Suriyadakı münaqişəyə siyasi həll yolunun tapılması məqsədilə edildiyi bildirilib.
Qeyd edək ki, Suriyanın xarici işlər naziri Feysal Mikdad ötən həftə Səudiyyə Ərəbistanının Ciddə şəhərinə getmişdi. Suriyalı diplomat burada Körfəz Əməkdaşlıq Şurasının xarici işlər nazirlərinin toplantısında iştirak etmiş, həmçinin Misir, İordaniya və İraqdan olan həmkarları ilə görüşmüşdü.
Danışıqlardan xəbərdar olan mənbələr Səudiyyə Ərəbistanı ilə Suriyanın diplomatik əlaqələrin bərpasına dair razılığa gəldiyini və Bəşər Əsədin mayın 19-da Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək Ərəb Dövlətləri Liqasının toplantısına dəvət ediləcəyini vurğulayırlar.
UKRAYNA VƏ POLŞA ARASINDA TRANZİTLƏ BAĞLI RAZILIQ ƏLDƏ OLUNUB
Rəsmi Kiyev ötən həftənin sonunda dayandırılmış Ukraynanın ərzaq məhsullarının Polşa ərazisindən tranzitinin bərpasına dair Varşava ilə razılığa gəlib. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Ukrayna baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Yuliya Sviridenko Varşavada Polşa hökumətinin nümayəndələri ilə danışıqlardan sonra açıqlamasında bildirib.
“Danışıqlar nəticəsində qərara alınıb ki, bu il aprelin 21-dən aprelin 22-nə keçən gecə Ukraynanın kənd təsərrüfatı mallarının Polşa ərazisindən tranziti bərpa edilsin”, - deyə Yuliya Sviridenko vurğulayıb.
Eyni zamanda, baş nazirin müavini əlavə edib ki, rəsmi Varşava Ukrayna məhsullarının Polşa ərazisindən daşınmasının texniki aspektləri barədə məlumat verəcək.
Xatırladaq ki, Polşa və Macarıstan aprelin 16-da Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına müvəqqəti qadağa tətbiq olunduğunu elan ediblər. Polşa həmçinin Ukrayna ərzaq məhsullarının öz ərazisindən üçüncü ölkələrə tranzitini dayandırdığını açıqlayıb.
ÜST SUDANDA XƏSTƏXANALARIN HƏDƏF ALINMASINI PİSLƏYİB
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Sudanda davam edən qarşıdurmalar zamanı tibb mərkəzlərinin hədəf alınmasını pisləyib. “TRT” telekanalının xəbərinə görə, ÜST-dən verilən bəyanatda Sudandakı qarşıdurmaların mülki əhaliyə mənfi təsir etdiyi qeyd edilib.
Məlumata əsasən, ölkədə tibb mərkəzlərinə və tibb işçilərinə edilən hücumların tənqid olunduğu bəyanatda azı 3 tibb işçisinin həyatını itirdiyi, 2-nin isə yaralandığı vurğulanıb.
Eyni zamanda, bəyanatda bildirilib ki, tibb mərkəzlərinə və personalına edilən hücumlar, eləcə də təcili tibbi yardım maşınlarının oğurlanması halları səhiyyə sisteminə mənfi təsir göstərir. Həmçinin baş verənlər ölüm hallarının artmasına səbəb olub.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Sudanda 9-u