Azərbaycan-Türkiyə münasibətləri gündən-günə inkişaf edir. Qarşılıqlı əlaqələrimiz artıq müttəfiqlik səviyyəsinə yüksəlib. Tarixi ənənələrə söykənən ölkələrimiz bu gün də çətin və xoş günlərdə bir-birinin yanındadır. Mayın 14-də Türkiyədə keçiriləcək prezident seçkiləri Azərbaycanda da marağa səbəb olub. Cəmiyyətin müxtəlif təbəqələrinin üzvlərinin seçki ilə bağlı fikir və mülahizələrini oxuculara təqdim edirik:
İsmayıl Hüseynov: Cənab Ərdoğan dönəmində Türkiyə Cümhuriyyət tarixinin ən güclü inkişaf mərhələsini yaşayıb. Məhz Rəcəb Tayyib Ərdoğanın səyləri nəticəsində qardaş ölkə iqtisadiyyat, səhiyyə, turizm və ağır sənaye sahəsində sürətlə inkişaf etmişdir. Misal olaraq qeyd edə bilərəm ki, İstanbulda inşa edilən yeni hava limanı Avropanın ən böyük hava limanıdır. Hazırkı iqtidarın hakimiyyəti dövründə inşa edilən çoxsaylı xəstəxanalar Türkiyənin pandemiya ilə mübarizəsində əsaslı rol oynadı. Həmçinin müdafiə sənayesində müasir texnologiya ilə ayaqlaşan İHA və SİHA-nın hansı gücə malik olmasını bütün dünya bilir. Terror təşkilatları ilə mübarizədə də Ərdoğanın müstəsna xidmətləri var. Qərbin qarşı çıxmasına rəğmən ölkə hüdudlarından kənarda belə PKK-YPG terror qruplaşmalarının zərərsizləşdirilməsi məqsədilə çoxsaylı əməliyyatlar keçirilib. Əsas məsələlərdən biri də Rusiya-Ukrayna müharibəsinin, dünyada taxıl böhranının həll olunmasında cənab Ərdoğanın aparıcı rol oynamasıdır. Siyahını daha çox uzada bilərəm. Sadalaya biləcəyim kifayət qədər dəlil var ki, Ərdoğanın Türkiyə üçün əvəzolunmaz lider olduğunu təsdiqləyə bilib.
Mikayıl Mirzəzadə: Türkiyə bizim qonşumuz olmaqla yanaşı, həm də can qardaşımızdır. Bu gün Türkiyədə baş verən ictimai-siyasi proseslər birbaşa ölkənin perspektivinə, inkişafına yönəlmişdir. Bütün bunların başında Prezident Rəcəb Tayyib Ərdoğan durur. Ərdoğanın gördüyü işləri, islahatları, həmçinin fevral ayındakı dəhşətli zəlzələnin yaratdığı problemlərin aradan qaldırılması istiqamətindəki fəaliyyətini hamı çox yaxşı bilir. Düşünürəm ki, Ərdoğan yenidən Prezident seçiləcəyi təqdirdə, ölkədə siyasi sabitlik və sosial rifah daha da yüksələcək. Lakin Türkiyədə hakimiyyətə qarşı bəzi qüvvələr var ki, onlar yalnız ölkənin adının qlobal səviyyədə yanlış tanıdılmasıyla məşğuldur. Ərdoğanın yenidən prezident seçilməsi zənnimcə, ölkənin yad ünsürlərdən təmizlənməsinə gətirib çıxaracaq. Bundan savayı, Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı göstərdiyi qardaşlıq nümunəsi bütün dünya üçün böyük əhəmiyyət kəsb edən əsas amildir. Həmçinin onun "Böyük Turan" ideologiyası türk dövlətlərinin gələcəyini təmin edən əsas vasitə olacaq. Sözügedən birliyin yaranması, formalaşması birbaşa xarici müdaxilələrin və savaşların qarşısını kökündən alacaq və torpaqlarımızda gözü olan toplumların arzusunu puç edəcək.
İsmayıl Nəcəfov: Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövründə Türkiyədə mühüm irəliləyişlər baş verib. Ərdoğanın hakimiyyətə gəldiyi 2002-ci ildən etibarən Türkiyə iqtisadiyyatı əhəmiyyətli dərəcədə inkişaf edib. Ölkənin hər yerində müasir xəstəxanalar tikilib, səhiyyə xidmətləri genişlənib, eyni zamanda xarici siyasətdə də ciddi dəyişikliklər baş verib. Türkiyə Yaxın Şərq, Afrika və Balkanlarda təsirli bir dövlətə çevrilib və regional sülh və sabitliyə töhfələr verib. Mən Ərdoğanı dəstəkləyir və növbəti prezident seçkilərində onu qalib görmək istəyirəm.
Fəridə İmanzadə: Türkiyə hazırda məsuliyyətli dövrdən keçir. Ölkədə fevral ayında baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması üçün ciddi işlər görülür. Rəcəb Tayyib Ərdoğanın böhran vəziyyətlərini idarə etməklə bağlı təcrübəsi var. Odur ki, seçkilərdə Ərdoğanın qələbə qazanması Türkiyə iqtisadiyyatının dirçəldilməsi üçün çox vacibdir. Həm siyasi nüfuzu, həm təcrübəsi, həm də türk dünyasına olan təəssübkeşliyi səbəbindən Rəcəb Tayyib Ərdoğanın mayın 14-də keçirilən səsvermədən qalib çıxmasını istəyirəm. Gələcəyini düşünən türk qardaşlarımızın əsl lideri seçəcəyinə əminəm.
Gülayə Mecidova: Türkiyə ilə yanaşı, Azərbaycan da bu il mayın 14-də Türkiyədə keçiriləcək prezident seçkilərini həyəcanla gözləyir. Seçkilərdə prezidentliyə 4 namizədin adı açıqlanıb.