Hayat: Azərbaycan Respublikasının Prezidenti bu gün Bosniya və Herseqovinada rəsmi səfərdədir
Bosniya və Herseqovinanın xəbər saytı "Hayat" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəyə rəsmi səfəri ilə bağlı məqalə dərc edib.
Məlumata görə, Bosniya və Herseqovina Sarayevo şəhərinin Musala meydanında təntənəli qarşılanma mərasimi keçirilib, Azərbaycan Prezidenti İlham Əliyevi Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri və üzvləri Jelka Tsviyanoviç, Denis Beçiroviç və Jelko Komşiç qarşılayıblar. Xəbərdə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvləri ilə Azərbaycan Respublikasının Prezidenti arasında təkbətək görüş, daha sonra isə rəsmi nümayəndə heyətlərinin görüşü keçiriləcəyi qeyd olunub. Bildirilib ki, dövlət başçıları əsasən enerji sahəsində əməkdaşlığa xüsusi diqqət yetirməklə, iqtisadi əməkdaşlığı da müzakirə edəcəklər.
CNN Türk: Ermənistanın təxribatı nəticəsində 3 Azərbaycan əsgəri şəhid olub
Türkiyənin "CNN Türk" xəbər saytı Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatını yayımlayıb. Məlumatda Silahlı Qüvvələrimizin Laçın rayonu istiqamətindəki mövqelərinin ermənilər tərəfindən atəşə tutulduğu, Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları - Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlunun şəhidlik zirvəsinə ucaldığı qeyd olunub. Yazıda, həmçinin Müdafiə Nazirliyi tərəfindən həyata keçirilmiş adekvat tədbirlər nəticəsində Ermənistan silahlı birləşmələrinin xeyli sayda itki verdiyi bildirilib.
Xatırladaq ki, Ermənistan silahlı birləşmələri aprelin 11-i saat 16:20 radələrində Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Düşmən daha sonra minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib.
"Hürriyyət": Ermənistan təhlükəli və təxribatçı addımlardan çəkinməlidir
Türkiyənin məşhur "Hürriyyət" xəbər saytı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun sözlərinə istinadən "Ermənistan nəticələri ciddi ola biləcək təhlükəli və təxribatçı addımlardan çəkinməlidir" sərlövhəli xəbər paylaşıb.
Xəbərdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmaninin baş tutan görüşü ilə bağlı məlumat verilib.
Bildirilib ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda görüşüb. Görüşdən sonra iki nazir birgə mətbuat konfransı keçirib. Ceyhun Bayramov Şimali Makedoniyanın xarici işlər naziri B.Osmani ilə görüş zamanı Ermənistanla sülh sazişi ilə bağlı danışıqları müzakirə etdiklərini bildirib və deyib: "Bakı ilə Yerevan arasında birbaşa təmaslar ötən ilin dekabrından Ermənistanın destruktiv mövqeyinə görə dayandırılıb. Beynəlxalq vasitəçilər Ermənistanı danışıqlar masasına qaytarmağa çalışırlar. Bu istiqamətdə ardıcıl addımlar atılır. Biz Ermənistan tərəfini danışıqlar masasına qayıtmağa çağırdıq. Lakin Ermənistanın qeyri-konstruktiv yanaşması təkcə danışıqlar prosesinə təsir etmir. Bununla belə biz yeni hərbi təxribatların da şahidiyik. Sonuncu belə təxribat dünən baş verdi ", - deyə Ceyhun Bayramov vurğulayıb.
Europa Press: Azərbaycan dörd iranlı diplomatı "persona non-qrata" elan edib
İspaniyanın "Europa Press" xəbər saytı Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi məlumatını yayımlayıb. Məlumatda İranın Bakıdakı səfiri Seyid Abbas Musəvinin Azərbaycan XİN-ə çağırıldığı və Azərbaycan hökuməti tərəfindən İran diplomatik nümayəndəliyinin dörd əməkdaşının "persona non-qrata" elan edildiyi barədə məlumat qeyd olunub.
Məlumatda bildirilir ki, görüş zamanı ölkəsinin Azərbaycana münasibətdə göstərdiyi son təxribatçı hərəkətlərə görə İran səfirinə kəskin narazılıq ifadə olunub. Xəbərdə qeyd olunur ki, Azərbaycan İranın Bakıdakı səfirliyinin arzuolunmaz əməkdaşlarına ölkəni tərk etmək üçün 48 saat vaxt verib. Məqalədə Azərbaycanla İran arasında gərgin olan münasibətlərin yanvarın 27-də ölkəmizin Tehrandakı səfirliyinə hücumdan sonra daha da pisləşdiyi bildirilib.