Vətənə sonsuz məhəbbət
Region

Vətənə sonsuz məhəbbət

Hüseyn Xanhüseyn oğlu Bəşirzadə Vətənini canından əziz tutub İkinci Qarabağ müharibəsində onun azadlığı uğrunda son qanına qədər döyüşərək şəhidlik zirvəsinə ucalır. Və bu şərəfli ölüm ona əbədiyyət qazandırmaqla, xalqın qəhrəmanlıq simvoluna çevrilir. Atası Xanhüseyn kişinin dediyi kimi, Hüseyn şəhid olana qədər mənim övladım idi, indi isə bütün Azərbaycan onu özünə oğul bilir.

28 may 1994-cü ildə Lənkəranın Qumbaşı kəndində dünyaya göz açmış Hüseyn Bəşirzadə kənd orta məktəbini bitirəndə bu qeyrətli oğlana əməllərinə görə el-obada əsl övlad məhəbbəti, ehtiram göstərilir. Hüseyn ordu sıralarına yola düşəndə deyir ki, yağı düşmənin ədalətsiz təcavüzü, Vətən torpaqlarının işğalı məni çox narahat edir. Birinci amalım məqamı gələndə düşməndən mübarizə meydanında qisas almaqdır. Əgər bu mənə nəsib olsa, hamınızın başını uca edərəm.

Hüseynin əsgərlik həyatı cəbhə bölgəsində keçir. Nizam-intizamı, komandirlərin verdiyi tapşırıqları vaxtında, dəqiq yerinə yetirməsi həmişə ona hörmət gətirir. Hissədə sayılıb-seçilən əsgərlərdən olur. Beləcə, Hüseyn hərbi borcunu şərəflə yerinə yetirib doğma kəndinə qayıdır.

El-obasının tərəqqisi naminə yaxşı işlər görür, camaat onun əməllərindən qürur duyur. Halal əməyi həyatına sevinc gətirsə də, düşmənə nifrət hissi getdikcə güclənir. Ürəyi Vətən torpaqlarını tezliklə mənfur düşmənin tapdağından azad görmək istəyi ilə döyünür. Odur ki, 2020-ci il sentyabrın 27-də ordumuz tərəfindən Ermənistanın işğalı altında olan Vətən torpaqlarının azadlığı naminə başlanan İkinci Qarabağ müharibəsinə könüllü qatılır. Cəbrayılda, Füzulidə, Qubadlıda gedən müharibədə erməni dığalarına qarşı mərdliklə vuruşur, bir-birindən çətin döyüş əməliyyatlarında fərqlənir. Hər dəfə silaha sarılanda düşməndən Vətənin qisasını ala bilir. Qanı hesabına tarix yazan qəhrəman Hüseyn 21 oktyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən qeyri-bərabər döyüş meydanında şəhid olur. Vətənə can borcunu şərəflə ödəməklə əbədi ürəklərə köçür.

Dövlət də öz igid oğlunu unutmur. Xalqına başucalığı gətirən Hüseyn Bəşirzadə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", Cəbrayılın, Qubadlının azad olunmasına görə medallarına layiq görülür.

Zəfər ORUCOĞLU.