FİNLANDİYA RƏSMİ ŞƏKİLDƏ NATO-YA DAXİL OLDU
NATO ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri aprelin 4-də Şimali Atlantika Müqaviləsinin himayədarı olan ABŞ-a Finlandiyanın alyansa qəbuluna dair sənədləri təqdim edib və bu vaxtdan etibarən Finlandiya blokun 31-ci üzvü olub. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
“Artıq Finlandiyanın NATO-nun 31-ci üzvü olduğunu bəyan edə bilərəm”, - deyə ABŞ-ın dövlət katibi Entoni Blinken mərasimdə çıxışı zamanı bəyan edib.
Bununla yanaşı, NATO-nun baş katibi Yens Stoltenberq ittifaq ölkələrinin xarici siyasət idarələrinin rəhbərlərinin görüşündə “Finlandiyanın NATO-ya üzv olmasının İttifaqın 74-cü ildönümündə ən yaxşı hədiyyə olduğunu” bildirib.
Finlandiyanın xarici işlər naziri Pekka Haavisto bundan öncə ölkənin NATO-ya daxil olması haqqında sənədi imzalamışdı. Nazir sənədin imzalanma anını tarixi hadisə adlandırıb. Onun sözlərinə görə, Türkiyə nümayəndələri də Finlandiyanın NATO-ya üzvlüyünün ratifikasiyası haqqında sənədi ABŞ dövlət katibi Entoni Blinkenə təqdim ediblər.
İSRAİL YENİDƏN SURİYADAKI İRANYÖNÜMLÜ QÜVVƏLƏRƏ RAKET ZƏRBƏLƏRİ ENDİRİB
İsrail Müdafiə Ordusu (İMO) Suriyanın paytaxtı Dəməşqin ətrafına raket zərbələri endirib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Suriyanın SANA dövlət agentliyi məlumat yayıb.
Bildirilir ki, raket zərbələri İsrailin nəzarəti altında olan Qolan təpələrindən endirilib. İddiaya görə, Dəməşq hökumətinin qüvvələri raketlərin əksəriyyətini zərərsizləşdirə bilib. “Al Hadath” telekanalı zərbələrin hədəfinin Dəməşqin hava limanı və şəhərin cənub-şərq hissəsi olduğunu irəli sürüb.
Eyni zamanda, Dəməşqin rəsmi mətbu orqanı “SANA” dinc sakinlər arasında tələfatın olduğunu iddia etsə də, “Hizbullah” hərəkatına yaxın “Telegram” kanalında iranyönümlü qruplaşmaların üzvləri arasında itkilərin olduğu bildirilib. Beləliklə, son 6 gündə bu, İsrailin İranın Suriyadakı obyektlərinə sayca 4-cü zərbəsidir.
Məlumat üçün qeyd edək ki, İsrail Müdafiə Ordusu adətən Suriyada konkret zərbələr barədə heç bir açıqlama vermir, lakin etiraf edir ki, son on ildə ölkədə möhkəmlənməyə çalışan İranın dəstəklədiyi qruplaşmalara qarşı yüzlərlə döyüş uçuşu həyata keçirib.
ABŞ-ın MALİYYƏ NAZİRİ OPEC+ QRUPUNUN QƏRARINA MÜNASİBƏT BİLDİRİB
ABŞ-ın maliyyə naziri Canet Yellen OPEC+ qrupunun may ayından etibarən neft hasilatını gündəlik 1 milyon bareldən çox azaltmaq qərarının qlobal inkişaf üçün müsbət addım olmadığını bildirib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.
Verilən xəbərə görə, Canet Yellen bu qərarı “qeyri-konstruktiv” bir hərəkət kimi qiymətləndirib. Nazir qeyd edib ki, bu, inflyasiyanın onsuz da yüksək olduğu bir vaxtda qlobal inkişaf perspektivlərində qeyri-müəyyənlik yaradır və istehlakçıların yükünü artırır.
Bununla yanaşı, maliyyə naziri sözügedən qərarın neftin qiymətlərinə necə təsir edəcəyini hələlik qiymətləndirmək üçün bir az daha zamana ehtiyac olduğunu diqqətə çatdırıb.
Xatırladaq ki, aprelin 2-də bir neçə OPEC+ ölkəsi qlobal enerji bazarının sabitliyini təmin etmək üçün may ayından 2023-cü ilin sonuna kimi neft hasilatının könüllü şəkildə azaldılmasını elan edib.
GÜNƏŞDƏKİ PARTLAYIŞLAR DƏMİR YOLU QƏZALARINA SƏBƏB OLA BİLƏR
ABŞ Geofizika İttifaqının alimləri müəyyən ediblər ki, kosmik fırtınalar qatar siqnallarını dəyişmək gücünə malikdir. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.
Bildirilir ki, 1982-ci ilin iyulunda İsveçdə qatarların siqnallarında qüsur yaranıb. Onlar yaşıl rəngdə olmalı olduğu halda qırmızı rəngə çevriliblər. Buna səbəb isə 150 milyon kilometr məsafədə yerləşən Günəşdə başlayan kosmik fırtına idi.
Məlumata əsasən, ulduzların alışması Yerin maqnit sahəsini dəyişdirə və günəş maddəsinin üzərinə