Vətən müharibəsinin şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu Amal Seyfəddin oğlu Alışanlının doğum günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyəti aparatının, YAP Şirvan şəhər təşkilatının məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələri şəhidin xatirə guşəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.
Şəhər icra hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi, polkovnik-leytenant Ramil Əhmədov, din xadimi Hacı Vasif şəhid Amal Alışanlının xatirə lövhəsinin önündə çıxış edərək, şanlı Zəfər tariximizi yazan, xalqımıza qalibiyyət sevincini yaşadan bütün əsgər və zabitlərimiz kimi, Amalın da ömür yolunun gənclərə nümunə olduğunu, gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayacağını diqqətə çatdırdılar. Vətən müharibəsində Şirvan şəhər sakinlərinin də fəal iştirak etdiyi, yüzlərlə gəncin könüllü olaraq düşmənlə mübarizəyə qoşulduğu, 23 nəfərin döyüş əməliyyatlarında qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucaldıqları dərin minnətdarlıq hissilə xatırlandı. Şəhidin valideynlərinə Vətənimiz üçün ləyaqətli və qəhrəman övlad böyütdüklərinə görə təşəkkür edib Allahdan onlara səbir dilədilər. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan, şəhid adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərdən söz açıldı. Çıxış edənlər Türkiyə Respublikasının bir neçə şəhərində baş verən dəhşətli zəlzələdə dağıntılar altında qalaraq vəfat edən insanlara Allahdan rəhmət dilədilər. Qardaş ölkədə baş verən təbii fəlakətin yaratmış olduğu bu ağır faciədə Azərbaycanın hər zaman Türkiyənin yanında olacağı vurğulandı.
Şəhidin atası Seyfəddin Alışanov və anası Reyhanə xanım ağır itki olsa da övladları ilə qürur duyduqlarını bildirdilər. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Tədbirdə Məftun Osmanov adına 20 saylı məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.
Şəhid Amal Aslanlı ailəsinin istəyi ilə Yardımlı rayon Qabaqdibi kənd qəbiristanlığında dəfn olunsa da, Şirvan Şəhər Şəhidlər xiyabanının qarşısında mütəmadi ziyarət olunması üçün xatirə guşəsi yaradılıb. Amal dövlət başçısının müvafiq sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Şücaətə görə", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub. Şirvan şəhərində yerləşən küçələrdən birinə şəhid Amal Alışanlının adı verilib.
Tofiq HÜSEYN,
"Respublika".