Fevralın 6-da Türkiyədə baş verən zəlzələ xəbəri bütün dünyanı sarsıtdı. Azərbaycan xalqı çox sayda insan tələfatına səbəb olan bu faciəni ürəkağrısı ilə qarşıladı. İlk gündən səfərbər oldu, qardaş türk xalqına kömək etmək üçün ölkə ərazisində yardım kampaniyasına start verildi. İndi hər gün təkcə paytaxt Bakıdan deyil, rayonlarımızdan da yardım karvanları qardaş Türkiyəyə yola salınır. Bu da Azərbaycan-Türkiyə qardaşlığı və dostluğunun sarsılmaz olduğunu göstərir.
Neftçala
Fevral ayının 6-da qardaş Türkiyə Respublikasında baş vermiş güclü zəlzələ geniş dağıntılara və insan itkisinə səbəb olmuşdur. Bu xəbərdən də ən çox sarsılan xalqımız oldu. Prezident İlham Əliyevin tapşırığı ilə dərhal qardaş Türkiyə respublikasına ərzaq, tibbi ləvazimatlar, zəruri avadanlıqlar, həkimlər, xilasedicilər və könüllülər göndərildi. Baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilmişdir. Bu xeyirxah kampaniyaya Neftçala rayon sakinləri də qoşularaq fəallıqlarını nümayiş etdirdilər. Neftçalada bütün zümrədən olan yerli sakinlər dərhal zəlzələdən əziyyət çəkən qardaş-bacılarına yardım etməyə başladılar. Göndərilən yardımlarda uşaqlar və böyüklər üçün isti geyimlər, yataq dəstləri, ərzaq məhsulları, digər gündəlik istifadə olunan zəruri avadanlıqlar və bir çox adda dərman ləvazimatları, könüllü gənclərin köməyi ilə təyinatı üzrə qutulara qablaşdırılaraq avtomobillərə yüklənib yola salındı.
Yolasalma mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, rayon ictimaiyyəti və könüllülər iştirak edirdi.
Salyan
6 fevral 2023-cü il tarixdə qardaş Türkiyə Respublikasında baş vermiş zəlzələ geniş dağıntılara və insan itkisinə səbəb oldu. Zəlzələ nəticəsində zərər görmüş əhaliyə xalqımız tərəfindən göstərilən humanitar yardım kampaniyasına Salyan Rayon İcra Hakimiyyəti də qoşulub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə dərhal qardaş Türkiyə Respublikasına müxtəlif əşyalar, digər ləvazimatlar və yardım üçün xilasedicilər yola salınıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Fond tərəfindən qardaş Türkiyə vətəndaşlarına dəstək aksiyası davam edir. Ölkənin paytaxtı ilə yanaşı, digər rayon və şəhərlər kimi, Salyan rayonu da türkiyəli soydaşlarımız üçün edilən yardım kampaniyasına qoşulmuşdur. Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov qardaş Türkiyə respublikasında baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkmiş şəxslərə köməklik göstərilməsi məqsədilə Salyan şəhərində müəyyən olunmuş məntəqədə yardımların hazırlanması və yolasalma mərasimində iştirak etmişdir.
Qeyd edək ki, Salyan Rayon İcra Hakimiyyəti tərəfindən zəruri isti qış geyimləri, yataq dəstləri və digər lazım olan ləvazimatlar xüsusi ayrılmış nəqliyyat vasitəsilə yola salınıb.
Ərəstun ABDULOV,
“Respublika”.