ABŞ SENATI 858 MİLYARD DOLLARLIQ MÜDAFİƏ BÜDCƏSİNİ TƏSDİQLƏYİB
ABŞ Konqresinin Senatı ölkənin 2023-cü maliyyə ili üçün müdafiə büdcəsi layihəsini 858 milyard dollar məbləğində təsdiqləyib. Bu barədə “Report” agentliyi məlumat yayıb.
Bildirilir ki, sənədi 83 deputat dəstəkləyib, 11 deputat əleyhinə çıxıb. Bundan əvvəl bu layihə ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən də təsdiqlənmişdi. Sənəd imzalanmaq üçün Prezident Cozef Baydenə göndəriləcək.
Qanun layihəsi, digər məsələlərlə yanaşı, Ukraynaya ən azı 800 milyon dollar təhlükəsizlik yardımı və Rusiyaya qarşı yönəlmiş Avropada məhdudlaşdırma təşəbbüsü üçün 6 milyard dollar nəzərdə tutur.
Eyni zamanda, sənəd Rusiya ilə qızılla bağlı əməliyyatlara görə sanksiyaları əhatə edir, həmçinin Rusiya ilə hərbi sahədə əməkdaşlığa qoyulan qadağanın beş il müddətinə uzadılmasını nəzərdə tutur.
İRAN VƏ RUSİYA ARASINDA MEMORANDUM İMZALANIB
İran və Rusiya arasında kosmik sənaye sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə anlaşma memorandumu imzalanıb. “TRT” telekanalının məlumatına görə, anlaşma memorandumu İranın Kosmik Agentliyi və Rusiya Federal Kosmos Agentliyinin rəsmiləri arasında imzalanıb.
İmzalanma mərasimində çıxış edən İranın Kosmik Agentliyinin prezidenti Həsən Salariye bildirib ki, imzalanan anlaşma memorandumu iki ölkə arasında kosmos sahəsində əməkdaşlıq üzrə kommunikasiyanı gücləndirəcək.
“Bu əməkdaşlıq sənədi telekommunikasiya peyklərinin tikintisi, laboratoriya infrastrukturunun yaradılması, həmçinin buraxılış bazası və peyk sınaqları sahəsində əməkdaşlıq kimi məsələləri əhatə edir”, - deyə iranlı nazir bildirib.
“Roskosmos”un prezidenti Yuri Borisov da bəyan edib ki, Moskva ilə Tehran arasında kosmik sənaye sahəsində əməkdaşlıq 2002-ci ildə başlayıb.
“İranın kosmik sənayesinin inkişafı proqramı bu sənayenin bütün sahələrini əhatə edir və Rusiya İrana məqsədlərinə çatmasına kömək edir. İranlı astronavtların Rusiya kosmik stansiyasına göndərilməsi iki ölkənin birgə proqramlarından biridir”, - deyə Yuri Borisov vurğulayıb.
DANİMARKADA YENİ KOALİSİYA HÖKUMƏTİ YARADILIB
Danimarkanın baş naziri Mette Frederiksen cümə axşamı noyabrda keçirilmiş parlament seçkilərindən sonra yaradılmış yeni koalisiyalı mərkəzçi hökuməti təqdim edib. “Report” xəbər verir ki, bu barədə “Assoşieyted Press” agentliyi məlumat yayıb.
Bildirilir ki, ölkənin Xarici İşlər Nazirliyinin yeni rəhbəri keçmiş baş nazir Lars Rasmussen olub, müdafiə naziri postunu isə liberalların lideri Yakob Elleman Yensen tutub.
Hökumətdə ümumilikdə 23 nazirlik var. Baş nazir Frederiksenin rəhbərlik etdiyi sosial demokratlar 11, liberallar 7, Mötədil Koalisiya Partiyası isə 5 nazir portfeli əldə edib.
Xatırladaq ki, Danimarkada seçkilər noyabrın 1-də keçirilib. Seçkilərin nəticələrinə əsasən, çoxluq koalisiyasını yaradan üç partiya parlamentdəki 179 yerdən 89-na sahib çıxıb.
BMT PAKİSTANA YARDIMLA BAĞLI ÇAĞIRIŞ EDİB
Daşqınlardan zərər çəkmiş Pakistan üçün başlanan 816 milyon dollarlıq fövqəladə yardım fondunun məbləği 262 milyon dollara çatıb. “Teleqraf.com”un xəbərinə görə, bu barədə BMT-nin Pakistan rezident əlaqələndiricisi Julien Harneis açıqlama verib.
Təşkilat rəsmisi bildirib ki, qarşıdakı həftələrdə yağışlardan zərər çəkmiş insanların ərzaq təhlükəsizliyinin təmin edilməsi onların ən böyük qayğısıdır. “BMT Pakistan üçün 816 milyon dollarlıq fövqəladə fond üçün müraciət edib, lakin hələ 262 milyon dollar toplanıb ki, bu da kifayət etmir. Bu vəziyyət narahatlıq doğurur. Lazımi dəstəyi almadığımız təqdirdə 2023-cü ilə ciddi böhranla girəcəyik”, - deyə Julien Harneis bildirib.
Eyni zamanda, J.Harneis qida yardımına ehtiyacı olan sel qurbanlarının sayının 4 milyondan 5,1 milyona yüksəldiyini də diqqətə çatdırıb: “Daşqınlar səbəbiylə 8-9 milyon insan yoxsulluq həddinin altına düşüb”.
HİDROGEN DƏHLİZİ LAYİHƏSİ HAQQINDA RAZILIQ ƏLDƏ OLUNUB
Litva, Finlandiya, Estoniya, Latviya, Polşa və Almaniyadan olan altı qaz operatoru hidrogen infrastrukturunun inkişafı sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə layihənin iştirakçılarından olan Litvanın “Amber Grid” şirkəti məlumat yayıb.
“Dəhlizlə Baltik dənizi regionunda hasil edilən “yaşıl” hidrogen nəql etmək mümkün olacaq. Bu, bütün dəhliz boyunca, eləcə də Mərkəzi Avropada istehlakçıları təmin etmək üçün nəzərdə tutulub. Bundan əlavə, Baltik dənizi ətrafında hidrogen infrastrukturu daha da inkişaf etdikcə güclü hidrogen bazarı yaradıla bilər”, - deyə məlumatda bildirilir.
2023-cü ildə layihənin inkişafının birinci mərhələsində tərəfdaşlar ilkin texniki-iqtisadi əsaslandırmanı hazırlayacaqlar. İlkin texniki-iqtisadi əsaslandırmanın tövsiyələri əsasında layihənin inkişafının davam etdirilməsi barədə qərar qəbul ediləcək. Növbəti mərhələlərə layihələndirmə və icazə, tikinti və istismara verilmə daxildir.
Layihənin regionun enerji təhlükəsizliyini gücləndirəcəyi, idxal olunan qalıq enerjidən asılılığı azaldacağı və dəhliz boyu ev təsərrüfatlarının və enerji tutumlu sənayelərin karbon izinin azaldılmasında mühüm rol oynayacağı gözlənilir.
TÜRKİYƏDƏ PARTLAYIŞ TÖRƏTMƏKDƏ ŞÜBHƏLİ BİLİNƏN ŞƏXS SAXLANILIB
Dekabrın 16-da səhər saatlarında Türkiyənin cənub-şərqində yerləşən Diyarbəkir-Mardin avtomobil yolunda bomba yüklü avtomobildə partlayış törədən şəxs tutulub. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə “TRT” telekanalı məlumat yayıb.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında bildirib ki, partlayış nəticəsində yaralanan şəxslər artıq evə buraxılıb. O bildirib ki, hadisədən bir saat sonra partlayışı törədən şəxs tutulub.
Süleyman Soylunun sözlərinə görə, terror qruplaşmalarının Türkiyədə həyata keçirməyi planlaşdırdıqları partlayışların çoxunun qarşısı alınır: “Sabitliyimizi pozmaq istəyənlərə imkan verilməyəcək. Mübarizəmiz davam edəcək”.
Xatırladaq ki, hadisə yerli vaxtla saat 04:30 radələrində polisin xüsusi təyinatlı dəstəsini daşıyan xidməti avtobusun hərəkət etdiyi Diyarbəkirin girişində baş verib. Yaralılar yerli xəstəxanalara çatdırılıb.
BRİTANİYADA STREPTOKOK İNFEKSİYASINDAN ÖLƏN UŞAQLARIN SAYI ARTIB
Böyük Britaniyada streptokok infeksiyasından ölən uşaqların sayı 19 nəfərə çatıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) məlumat yayıb.
Bildirilir ki, 2022-ci ildə infeksiya ümumilikdə 111 nəfər olmaqla bir yaşdan dörd yaşa qədər olan uşaqlar arasında yayılıb. 2017-2018-ci illərdə bu yaş qrupunda 194 belə hal aşkar edilib. Bu il Britaniyada bütün yaş qrupları üzrə 74 ölüm hadisəsi baş verib.
Eyni zamanda, agentliyin mütəxəssisləri xəstəliyin yayılmasına səbəb kimi koronavirus zamanı tətbiq edilən və orqanizmin ümumi toxunulmazlığını zəiflədə bilən karantində görür.
İnfeksiyanın ilk əlamətləri boğaz və əzələ ağrısı, qızdırmadır, buna görə də infeksiyanı soyuqdəymə ilə qarışdırmaq asandır. Həkimlər uşaqların vəziyyətini izləməyi və ilk simptomlarda tibbi yardım almağı məsləhət görürlər.
Hazırladı:
Vamiq ABBASOV,
“Respublika”.