İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Şahmatçımız üçüncü yeri tutub

Sent-Luisdə (ABŞ) Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirak etdiyi Fişer şahmat turniri başa çatıb.

Qrosmeysterimiz 6 xalla turnirdə üçüncü yeri tutub.

 

Cüdoçularımızdan uğurlu çıxış

Çexiyanın paytaxtı Praqa şəhərində gənclər arasında keçirilən Avropa çempionatında Azərbaycanın daha bir cüdoçusu qızıl medala sahib olub.

Tatami ustamız Elcan Hacıyev (81 kq) həlledici mərhələdə qalib gələrək çempion titulunu qazanıb.

Bununla da komandamızın əldə etdiyi medalların sayı üçə çatıb. Belə ki, buna qədər cüdoçularımız Vüsal Qələndərzadə (73 kq) qızıl, Turan Bayramov (60 kq) gümüş medala layiq görülüblər.

 

Atıcımız çempion olub

Beynəlxalq Atıcılıq İdman Federasiyasının "Avropa Çempionatı 2022" üzrə Polşanın Vrotslav şəhərində keçirilən yarışlarında Azərbaycan atleti Ruslan Lunyov yüksək göstərici əldə edib. Atıcımız standart tapançadan 25 metr məsafəyə atəşaçmada 574 xal toplayaraq kişilər arasında birincilik qazanıb.

 

Yığmamız turnirdə 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb

ABŞ-ın Pueblo şəhərində boks üzrə təşkil olunan beynəlxalq turnirdə final döyüşləri keçirilib. Boksçularımızdan bütün rəqiblərinə qalib gələn Ümid Rüstəmov (57 kq) çempion tituluna yiyələnib.

Əlli bir kiloqram çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə (51 kq) gümüş medala sahib olub.

Məhəmməd Abdullayev (+92 kq) də turniri ikinci yerdə bitirib.

Yığmamızın heyətində üçüncü yeri Nəbi İsgəndərov (71 kq) tutub.

Beləliklə, yarışa altı boksçu ilə qatılan komandamız 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb.

Nərgiz İSMAYILOVA,

"Respublika".