Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Müasir istehsal infrastrukturuna malik sənaye parklarının yaradılması ölkədə sənaye sahələrinin dinamikasının, respublika iqtisadiyyatının tarazlı inkişafının təmin edilməsini, habelə istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutan dövlət siyasətinin reallaşdırılmasına yönəlmişdir.
Ölkədə sənaye parklarının yaradılması və fəaliyyətinin təşkili ilə bağlı məsələlər bir sıra dövlət sənədlərində və proqramlarda, o cümlədən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında və 29 dekabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapmışdır.
Ötən dövr ərzində parkların yaradılması istiqamətində zəruri tədbirlər həyata keçirilmiş, beynəlxalq təcrübə öyrənilmiş və müvafiq normativ-hüquqi baza yaradılmışdır. Dövlət başçısının 24 aprel 2013-cü il tarixli Fərmanı ilə dövlət tərəfindən sənaye parklarının yaradılması, idarə edilməsi və onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyən “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə” təsdiq edilmişdir. Bu baxımdan iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir.
Həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq ölkəmizdə müasir sənaye müəssisələri, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixrac imkanları genişlənir. Sənaye parkları ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, neft-qaz amilindən asılılığın azaldılmasına, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafına və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına yeni imkanlar açır.
Bu mexanizmlərdən olan sənaye parklarında sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılıb və rezidentlər üçün stimullaşdırıcı tədbirlər tətbiq edilir. Belə ki, rezidentlər qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak və torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Sənaye parklarında müasir infrastruktur dövlət vəsaiti hesabına yaradılır ki, bu da sahibkarların vəsaitlərini investisiya qoyuluşuna yönəltmələrini təmin edir.
Hazırda ölkəmizdə Sumqayıt, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları fəaliyyət göstərir. Bu il Ağdam Sənaye Parkı yaradılıb və sənaye parklarının sayı 6-ya çatıb. Sənaye parklarında indiyədək ümumilikdə 3,7 milyard manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 962 milyon manatlıq hissəsini və ya təxminən 26%-ni ixrac təşkil edir. Sənaye parklarında ümumi qoyulacaq investisiyalarının həcmi 3,8 milyard ABŞ dollarından artıq olan 52 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bu günədək rezidentlər tərəfindən 3,5 milyard ABŞ dollarından artıq investisiya yatırılıb, 36 rezident fəaliyyətə başlayıb, 9000 nəfərə yaxın insan daimi işlə təmin edilib.
Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə Sumqayıt şəhərində yaradılmışdır. Parkın ərazisi 583,5 hektar təşkil edir və Cənubi Qafqazda ən böyük sənaye parkıdır. Ümumi investisiyalarının həcmi 3,2 milyard ABŞ dollarından çox olan 24 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Hazırda Sənaye Parkında azot gübrəsi, polimerlər, ferroərintilər, tütün məmulatları, aqrokimyəvi məhsullar, sənayedə istifadə olunan torbalar, tibbi maskalar, şüşə lövhələr istehsal edilir. İndiyədək parkın rezidentləri tərəfindən 2,9 milyard ABŞ dollarından artıq investisiya yatırılıb. Qeydiyyata alınmış rezidentlərdən 16-sı fəaliyyətə başlayıb. Sumqayıt Kimya Sənaye Parkında istehsal olunan məhsullar dünyanın 30-dan çox ölkəsinə ixrac edilir. Burada 5500-dək işçi daimi işlə təmin o