Qaçqınlıq, məcburi köçkünlük dünyada ciddi narahatlıq doğuran qlobal problemlərdir. BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığının məlumatına görə, hazırda dünyada bu kateqoriyadan olan insanların ümumi sayı 82 milyon nəfərdən çoxdur. Onlardan 34,4 milyonu sığınacaq tapmaq üçün ölkələrini tərk edənlər, 48 milyonu isə öz ölkələrində evsiz qalanlardır. Artıq ardıcıl olaraq doqquzuncu ildir ki, dünyada qaçqınların və məcburi köçkünlərin sayı artmağa davam edir. Ölkəmizdə isə məcburi köçkünlüyə səbəb olan vəziyyət ötən ilin payızında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli silahlı qüvvələrimizin həyata keçirdiyi “Dəmir yumruq” əks-həmlə əməliyyatı nəticəsində aradan qaldırılıb. Yüz minlərlə həmvətənimizi doğma yurdundan didərgin salan təcavüzkar Ermənistan hərbi-siyasi məğlubiyyətə uğradılaraq otuz ilə yaxın işğal altında saxladığı torpaqlarımızdan qovulub. Hazırda işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri görülür, infrastruktur layihələri icra edilir. Məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının başlanmasına az qalır. Bu istiqamətdə həyata keçirilən tədbirlər barədə suallarımızı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov cavablandırıb.
–Hazırda ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin əsas istiqamətləri nədən ibarətdir? Onların sosial müdafiəsi tədbirləri nə vaxtda qədər davam etdiriləcəkdir?
–Ümumiyyətlə, Azərbaycan dövlətinin bu günə qədər qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı fəaliyyəti iki istiqamətdə qurulub. Birincisi, Ermənistanla Azərbaycan arasında olan və artıq keçmişdə qalan Qarabağ problemi öz siyasi həllini tapanadək - məcburi köçkün və qaçqın soydaşlarımızın, müvəqqəti olsa da, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların məşğulluq problemlərinin, sosial problemlərinin həlli ilə bağlı müvafiq tədbirlər görülüb. Bütün bu tədbirlər ölkə başçısının fərman və sərəncamlarına, hökumətin müvafiq Dövlət proqramlarına uyğun olaraq həyata keçirilib. İkinci istiqamət isə Böyük Qayıdışa hazırlıq və bu qayıdışın icrasıdır. Şükürlər olsun ki, 44 günlük Vətən müharibəsində qalib Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Ərazi bütövlüyümüzün bərpa olunması ilə yanaşı, məcburi köçkünlərin beynəlxalq qanunvericilikdə təsbit olunmuş ləyaqətlə, təhlükəsiz və könüllü şəkildə doğma torpaqlarına qayıtmaq hüququ yaranıb. Növbəti illərdə bu istiqamətdə görülən işlər prioritet təşkil edəcək. Dövlət Komitəsi öz üzərinə düşən bütün vəzifələri vaxtı-vaxtında, ölkə başçısının fərman və sərəncamlarına uyğun olaraq həyata keçirəcəkdir.
Böyük Qayıdışın təşkili və bərpa-quruculuq işləri ilə bağlı cənab Prezidentin sərəncamı ilə ən yüksək səviyyədə Qərargah yaradılıb. Qərargah nəzdində idarələrarası mərkəz - 17 işçi qrup fəaliyyətdədir. Yekdil dövlət siyasətinin formalaşdırılması ilə bağlı işlər gedir. Sosial müdafiə tədbirləri də həmin təkliflərdə öz əksini tapacaq. Mövcud qanunvericiliyə uyğun olaraq, məcburi köçkünlər öz doğma torpaqlarına qayıtdıqdan sonra onların sosial müdafiəsi üzrə dövlət dəstəyi 3 il müddətinə davam etdiriləcək. Böyük Qayıdışdan sonra bu sahədə yeni qərarların verilməsi mümkündür. Mövcud qanunvericilikdə nəzərdə tutulan müddət uzadıla da bilər və ya yeni qanunvericilik sənədi qəbul edilər, bütün bunların hamısı gələcəyin işidir.
–Vətən müharibəsindən sonra yaranan reallıqları məcburi köçkünlər necə qarşılayıblar? Doğma yurda qayıdışla bağlı onların arasında keçirilən sorğunun nəticələri necədir?
–Məcburi köçkünlər 30 ildir bu arzu və istəklə yaşayıblar. Torpaqlarımızın işğaldan azad edilməsi məcburi köçkünlərin tək arzusu-istəyi deyil, həm də gündəlik yaşadıqları xəyal idi. Möhtərəm Prezident, Müzəff