Rusiyanın ölkəmizdəki səfiri Rusiya Günü haqqında danışıb
Digər xəbərlər

Rusiyanın ölkəmizdəki səfiri Rusiya Günü haqqında danışıb

1994 -cü ildən 12 iyun Rusiya Federasiyasının dövlət suverenliyi haqqında Deklarasiyanın qəbul edilmə günü Rusiyanın dövlət bayramı kimi qeyd olunur. Bayram ərəfəsində Rusiya Federasiyasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Mixail Nikolayeviç Boçarnikov bu barədə məlumat verməklə öz fikirlərini “Respublika” qəzetinə təqdim etmişdir.

İyunun 12-si Rusiya Federasiyasında ölkəmizin ən yeni dövlət bayramlarından biri - Rusiya Günü qeyd olunur.

1992-ci ildə Rusiya Federasiyasının Ali Şurası tərəfindən Rusiya Federasiyasının dövlət suverenliyi haqqında Deklarasiyanın qəbul edilmə tarixinə bayram (qeyri-iş günü) statusunun verilməsi barədə qərar qəbul edilmişdir. 12 iyun 1994-cü ildə Rusiya Federasiyasının dövlət suverenliyi haqqında Deklarasiyanın qəbul edilmə günü Rusiyanın dövlət bayramı elan olunmuşdur. Bu bayramın Rusiya Günü kimi rəsmi adı isə 2002-ci ildə təsbit edilmişdir.

Rusiya Günü ənənəvi olaraq kütləvi xalq gəzintilərinin, eləcə də idman tədbirlərinin və konsertlərin keçirilməsi ilə qeyd edilir. Hər il bayramqabağı müxtəlif partiyaların, gənclər təşkilatlarının fəallarının “Rusiyanın üçrəngli bayrağı” adlı Ümumrusiya aksiyası baş tutur, həmin aksiya zamanı isə Rusiya vətəndaşlarına milli bayrağın rənglərini əks etdirən bir milyondan artıq kiçik lentlər təqdim olunur.

Rusiya Gününün qeyd edilməsinin daha bir ənənəsi 1992-ci ildə təsis edilmiş elm və texnologiyalar sahəsində, ədəbiyyat və incəsənət sferasında, eləcə də humanitar fəaliyyət sahəsində Rusiya Federasiyasının Dövlət mükafatı ilə təltifedilmə tədbirlərinin həyata keçirilməsi ilə bağlıdır. Bu il də sözügedən mükafatın laureatları sırasında Rusiyada və dünyada “Sputnik V” adlı koronavirus əleyhinə ilk vaksinin yaradıcıları - Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Mərkəzinin direktoru Aleksandr Ginzburqun rəhbərliyi altında çalışan mütəxəssislərdir. Yeri gəlmişkən, həmin vaksindən Azərbaycanda artıq istifadə olunur: cari ilin may ayında respublikaya 40 min doza onun ilk partiyası gətirilmişdir, ən yaxın zamanlarda isə ölkənizdə kifayət qədər geniş surətdə tələbatı duyulan bu vaksinin tədarükü davam etdiriləcəkdir.

Həmçinin demək lazımdır ki, Rusiya Federasiyasının haqqında danışdığımız bu dövlət bayramı təkcə ölkəmizin ərazisində qeyd olunmur: planetimizin ən müxtəlif guşələrində də rusiyalılar öz tematik kütləvi tədbirlərini keçirir, bir yerə toplanaraq bir-birlərini bu gözəl bayram münasibətilə təbrik edirlər. Rusiya Günü öz doğma ölkəsi əziz olanların hamısını bir araya gətirir, rus dilinin, mədəniyyətinin, Rusiya tarixinin daşıyıcıları olan bütün insanları birləşdirir.

Azərbaycanda bu xüsusilə hiss olunur: rus dilinin yüksək populyarlığı, ortaq tarixə malik olmağımız, habelə xalqlarımızın coğrafi və mədəni yaxınlığı Rusiya Federasiyası və Azərbaycan Respublikasının strateji tərəfdaşlığının möhkəmləndirilməsi üçün olduqca əlverişli təməldir.

Fürsətdən istifadə edərək, Azərbaycanda yaşayan bütün həmvətənlərimi bu gözəl bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

M.BOÇARNİKOV,

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı

Fövqəladə və Səlahiyyətli səfiri.